Ağcəbədidə 1982-ci il təvəllüdlü Afət Əsgərovanın qətlə yetirilməsi ilə bağlı həmin hadisənin əsas təqsirləndirilən şəxsi, qadının 31 yaşlı kürəkəni Loğman Nəsibovun məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə olduqca maraqlı anlar yaşanıb.
Qısa arayış olaraq bildirək ki, Loğman Nəsibov qayınanasının ərindən boşandıqdan sonra başqa şəxslə ailə qurmasına görə ondan qisas almaq qərarına gəlib. O, bunun üçün Afət Əsgərovanın 2008-ci il təvəllüdlü oğlu Kamil Bağırovdan kömək istəyib.
Loğmanın tapşırığına əsasən, Kamil Afət Əsgərovanın öldürülməsi üçün əlverişli şərait yarananda ona xəbər edib, eyni zamanda evin qapısının kilidini açıq saxlayıb.
Bu cinayətə görə ayrıca 4 il müddətinə azadlıqdan məhrum edilən Kamil Bağırov Loğman Nəsibova anasını qətlə yetirməsinə şərait yaradıb. Nəticədə Loğman qadının yaşadığı ünvana yollanıb və onun boğazını kəsərək xüsusi amansızlıqla qətlə yetirib.
İşin maraqlı tərəfi ondan ibarətdir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Loğan Nəsibovun qətli anlaqsız vəsiyyətdə törətdiyi təsdiqlənib.
Bundan başqa, Loğman Nəsibovun məhkəmədə verdiyi ifadələr də zalda əyləşənləri şoka salıb.
İfadə verərkən özünü cəngavər adlandıran Loğman deyib:
“Mən Nadir şahın nəvəsiyəm. Sərkərdə mən olacam. Afəti mən öldürməmişəm, onu ağ saçlı uzun kişi öldürüb. Həmin uzun kişi mənə böhtan atır”.
Loğman hələ dindirilməsi zamanı ruhi xəstəlikdən əziyyət çəkdiyini, atasının da bir nömrəli ruhi xəstə olduğunu bildirib. Onun sözlərinə görə, bu xəstəlik onlarda irsidir.
O, uşaq yaşlarında olarkən özünü doğrayaraq xəsarətlər yetirdiyini, zəhər içdiyini, lakin canına qəsd etməyə mane olduqlarını bildirib. Həyatında çox travmalar olduğunu bildirən Loğman, ruhi xəstəliklə əlaqədar təyin edilmiş dərmanlarını qəbul etmədikdə özündə olmadığını, eyni zamanda siflis xəstəliyindən də əziyyət çəkdiyini bildirib.
O da məlum olub ki, Loğman Afətin qızı ilə 2022-ci ildə ailə həyatı quraraq Rusiyaya köçüb, qayınanası da onlarla birlikdə gedib. O, həyat yoldaşının hamilə olmasından sonra Azərbaycana qayıdıb. Qısa müddət sonra isə Afətin başqa bir kişiyə qoşularaq qaçdığını öyrənib.
Bir müddət Afət Əsgərovanı axtaran Loğman, istəyinə çata bilmədikdən sonra Moskvaya qayıdıb.
“Rusiyada qayınanama görə söz eşidirdim, buna görə canımı qurtarmaq üçün onu öldürmək qərarına gəldim” – deyə Loğman bildirib.
Loğman həm də bibisi olan qayınanasını öldürdükdən sonra yenidən Rusiyaya qayıdıb. 14 gün Moskvada yaşayan Nəsibov, sonradan Azərbaycana qayıdarkən hava limanında saxlanılıb.
Məhkəmədə Loğmandan uşaq dünyaya gətirən xanımı da ifadə verib. O, anasını öldürən ərindən şikayətçi olmayıb.
Məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın rəyinə əsasən, Loğman Nəsibov cinayət əməlini törədərkən “Üzvi mənşəli şəxsiyyət pozuntusun”dan əziyyət çəkib. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman onda müəyyən edilən “Üzvi mənşəli şəxsiyyət pozuntusu”nun gedişində dekompensasiya vəziyyəti olub və disforik hal meydana gəldiyi üçün o, öz hərəkətlərinin faktiki xarakterini və icimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb. Buna görə də Loğman Nəsibovun törətdiyi cinayət əməlinin anlaqsız hesab edilməsi ilə bağlı rəy verilib.
Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edib ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlib, yəni Loğman Nəsibov cinayəti anlaqsız vəziyyətdə törədib. Buna görə də o, cinayət məsuliyyətindən azad edilib. Loğman Nəsibova ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin olunub.





















