Bakının mərkəzində yaşamaq çoxları üçün əlverişli olsa da, kirayə qiymətləri hər kəsin cibinə uyğun deyil. İçərişəhər və Sahil metrosu ətrafında kiçik mənzillərə belə yüzlərlə manat ödəmək lazımdır. Aylıq 1000-1200 manat qazanan iki nəfərlik ailə üçün isə bu ərazilərdə ev kirayələmək büdcənin böyük hissəsindən imtina etmək deməkdir.
“Yeni Sabah” daşınmaz əmlak elanlarını təhlil edib.
Araşdırma göstərir ki, Bakının mərkəzində kirayə mənzillərin qiyməti 500 manatdan başlayır, bəzi lüks mənzillərdə isə aylıq hətta 7000 manata çatır.
Son günlər ən ucuz təklif İçərişəhər metrosu yaxınlığında yerləşən, sahəsi cəmi 34 kvadratmetr olan birotaqlı mənzildir. Bu evin aylıq kirayə haqqı 500 manatdır. Eyni ərazidə 31 kvadratmetrlik birotaqlı mənzil 650 manata, 30 kvadratmetrlik mənzil isə 700 manata təklif olunur.
Daha geniş mənzil axtaranlar üçün də seçimlər var. İçərişəhər metrosu ətrafında 40 kvadratmetrlik ikiotaqlı mənzili 650 manata, 60 kvadratmetrlik ikiotaqlı evi də eyni qiymətə kirayələmək mümkündür. Sahil metrosu ətrafında isə 60 kvadratmetrlik ikiotaqlı mənzil 800 manata, 65 kvadratmetrlik mənzil 900 manata təklif edilir.
Mərkəzdə nisbətən geniş evlərin qiyməti isə xeyli yüksəkdir. Məsələn, İçərişəhər metrosu yaxınlığında 102 kvadratmetrlik üçotaqlı mənzil 950 manata kirayəyə verilir. Elanların böyük hissəsində iki və üçotaqlı mənzillərin aylıq qiyməti 1000-1800 manat arasında dəyişir.
Lüks mənzillərdə isə qiymətlər daha yüksəkdir. İçərişəhər metrosu ətrafında 200 kvadratmetrlik üçotaqlı mənzil aylıq 5500 manata, 350 kvadratmetrlik dördotaqlı mənzil isə 7000 manata təklif olunur.
Bəs aylıq ümumi gəliri 1000-1200 manat olan iki nəfərlik ailənin Bakının mərkəzində yaşaması mümkündürmü?
Hesablamalara görə, belə ailə 650-800 manatlıq mənzil kirayələsə, gəlirinin təxminən 54-80 faizini yalnız evə ödəməli olacaq. Kirayədən sonra ailənin əlində 200 manat qalacaq. Bu məbləğdən kommunal xidmətlər, ərzaq, nəqliyyat, tibbi və digər gündəlik xərclər də ödənilməlidir.
Kommunal xərclər üçün ayda təxminən 80-120 manat nəzərdə tutulduqda, ailənin digər ehtiyacları üçün qalan məbləğ daha da azalır. Belə vəziyyətdə qənaət etmədən yaşamaq, gözlənilməz xərcləri qarşılamaq və pul yığmaq mümkünsüzdür.
Maliyyə baxımından daha rahat yaşamaq üçün mənzil kirayəsinə ailənin ümumi gəlirinin təxminən 30-35 faizindən çoxunu ayırmamaq məqsədəuyğun hesab olunur. Bu da 1000-1200 manat gəliri olan ailə üçün 300-420 manat deməkdir.
Bu səbəbdən gəliri məhdud olan ailələr üçün mərkəzdən kənarda, metroya yaxın ərazilərdə mənzil axtarmaq daha sərfəli seçim ola bilər. Əhmədli, Həzi Aslanov, Neftçilər və Qara Qarayev kimi ərazilərdə, eləcə də Xırdalan və Masazır istiqamətində daha münasib qiymətə ev tapmaq mümkündür. Lakin 400-500 manatlıq mənzillərin mövcudluğu və vəziyyəti konkret elanlar üzrə yoxlanılmalıdır. Bu qiymətə ev tapmaq son aylarda çox çətindir.
Nəzərə almaq lazımdır ki, Bakının mərkəzində yaşamaq üçün təkcə kirayə haqqını ödəmək kifayət etmir. Ailənin gündəlik xərclərini və mümkün əlavə ödənişləri də var. Əks halda, şəhərin mərkəzində yaşamaq rahatlıqdan çox, davamlı maliyyə çətinliyinə çevriləcək.
Qeyd edək ki, “Yeni Sabah” araşdırmanı daşınmaz əmlak saytlarında dünən və bu gün yerləşdirilən kirayə mənzil elanları əsasında aparıb. Təhlil zamanı Bakının mərkəzində, əsasən İçərişəhər, Sahil metro stansiyaları ətrafında təklif olunan mənzillərin qiymətləri və sahələri müqayisə edilib.





















