image-1backend

“Meydana mərsiyə sədaları altında çıxıb…” – Fazil Mustafadan ETİRAZ  

image-ads-728x90

Parlamentin komitə sədri Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxış edib.

Deputat bildirib ki, Azərbaycanın dünyəvi dövlət prinsipinin qorunması ölkənin unitar dövlət quruluşunun qorunması qədər vacib məsələdir.

Fazil Mustafa son dövrlər xüsusilə cənubdan, qərbdən və azərbaycanlıların yaşadığı müxtəlif xarici ölkələrdən bu prinsipə mənfi təsir göstərən meyllərin müşahidə olunduğuna diqqət çəkərək bildirib ki, bu cür hallara artıq ölkə daxilində də rast gəlinir.

Deputat bir neçə gün əvvəl keçirilən qaydasız döyüş yarışını nümunə göstərərək bildirib ki, Azərbaycanı təmsil edən idmançı meydana milli musiqi əvəzinə, mərsiyə sədaları altında çıxıb, zalı da həmin sədalara qoşaraq dini ideoloji təbliğat aparıb:

“Son zamanlar cənubda, qərbdə azərbaycanlıların yaşadığı müxtəlif ölkələrdə çox mənfi istiqamətlərdə Azərbaycana təsir göstərilir. Hətta Azərbaycanın özündə belə bu məsələnin qorunmasına həssaslığımız yetərincə deyil. Adicə bu yaxınlarda qaydasız döyüş üzrə bir idman yarışı keçirildi. Baxırsan ki, Azərbaycanı təmsil edən idmançı artıq uvertüra ilə, cəngi sədaları altında yox, mərsiyə sədaları altında meydana çıxır. Beləliklə özünün dini ideoloji təbliğatını aparır. Bura gələndə də Azərbaycan bayrağı əvəzinə, hansısa ölkələrdə populyar olan dini ideoloji şüarlar səsləndirir. Biz hamımız isə bunu sakitcə müşahidə edirik”.

Ardınca F.Mustafa deyib ki, bu cür halların artması gələcəkdə Azərbaycanın dünyəvi dövlət mahiyyətinin və prinsiplərinin zədələnməsinə səbəb ola bilər.

O əlavə edib ki, informasiya qanunvericiliyində rəqəmsal müdafiə texnologiyaları ilə bağlı müddəalar hazırlanarkən dünyəvi dövlət prinsipinin qorunması da əsas istiqamətlərdən biri kimi nəzərə alınmalıdır:

“Konstitusiyada Azərbaycan dövlətinin prinsipləri əks olunub. Bunlardan biri Azərbaycanın dünyada unitar dövlət olması prinsipidir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki