image-1backend

Milli maraqlardan qlobal əməkdaşlığa: Azərbaycanın yeni inkişaf kursu

image-ads-728x90

Müasir dünyada beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir. Geosiyasi proseslərin mürəkkəbləşdiyi, iqtisadi və təhlükəsizlik maraqlarının bir-biri ilə daha sıx əlaqələndiyi belə bir şəraitdə dövlətlərin qarşısında dayanan əsas vəzifələrdən biri milli maraqları qorumaqla müxtəlif tərəfdaşlarla səmərəli münasibətlər qurmaqdır. Azərbaycan son illərdə həyata keçirdiyi müstəqil və balanslı xarici siyasət nəticəsində bu istiqamətdə mühüm mövqelər qazanıb.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərini və qarşıdakı dövrdə əməkdaşlığın hansı istiqamətlər üzrə inkişaf etdiriləcəyini aydın şəkildə göstərir. Dövlət başçısının çıxışında Azərbaycanın həm Avropa İttifaqına üzv ölkələrlə, həm də dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın xarici siyasətinin mühüm üstünlüklərindən biri müxtəlif dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və milli maraqlar əsasında qurulmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq formatında əlaqələr mövcuddur. Hazırda Azərbaycanın 10 üzv ölkə ilə bu istiqamətdə müxtəlif sənədləri və razılaşmaları var. Bu, ölkəmizin Avropa məkanı ilə siyasi və iqtisadi əlaqələrinin genişliyini göstərən mühüm göstəricidir. Eyni zamanda, Azərbaycan son dövrdə Çin və ABŞ kimi dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərini yeni mərhələyə yüksəldib. Çinlə strateji tərəfdaşlıq əlaqələrinin inkişafı xüsusilə iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və investisiya sahələrində yeni imkanlar açır. Azərbaycanın tranzit mövqeyi və Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməsi bu əməkdaşlığın əhəmiyyətini daha da artırır. Çinlə münasibətlərin genişlənməsi çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət strategiyasının əlaqələndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Belə əməkdaşlıq yalnız nəqliyyat marşrutlarının inkişafına deyil, ticarət dövriyyəsinin artmasına, investisiya imkanlarının genişlənməsinə və yeni iqtisadi əlaqələrin formalaşmasına xidmət edir. ABŞ ilə münasibətlərdə əldə olunan yeni razılaşmalar da Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin göstəricilərindən biridir. Strateji tərəfdaşlıq istiqamətində atılan addımlar regional bağlantılar, enerji, ticarət, investisiya, təhlükəsizlik, rəqəmsal texnologiyalar və süni intellekt kimi müasir sahələri əhatə edir. Bu istiqamətlər Azərbaycanın yalnız ənənəvi enerji və nəqliyyat layihələrində deyil, yeni texnoloji və innovativ əməkdaşlıq platformalarında da fəal iştirak etmək niyyətini nümayiş etdirir.

Azərbaycanın xarici siyasətində nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi xüsusi yer tutur. Orta Dəhlizin inkişafı ölkəmizin geoiqtisadi əhəmiyyətini artıran əsas amillərdəndir. Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının genişləndirilməsi Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə etməsinə, yeni investisiyaların cəlb olunmasına və əlavə iqtisadi imkanların formalaşmasına şərait yaradır. Bu proses Azərbaycanın daxili inkişaf prioritetləri ilə də birbaşa bağlıdır. Güclü xarici əlaqələrdən əldə olunan iqtisadi imkanların əsas məqsədlərindən biri ölkə daxilində dayanıqlı inkişafın və əhalinin sosial rifahının təmin edilməsidir. Prezident İlham Əliyevin VIII Qurultayda diqqət yetirdiyi məsələlər sırasında sosial siyasətin də mühüm yer tutması bunu bir daha göstərir.
İqtisadi potensialın genişlənməsi dövlətin sosial proqramları davam etdirməsi üçün əlavə imkanlar yaradır. Qarşıdakı dövrdə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasının nəzərdə tutulması dövlət siyasətinin sosialyönümlü xarakterini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında bildirib: “Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür.

Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib – bu il və keçən il sentyabr aylarında. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur. Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən investisiyalar lazımdır – həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna”. Bu addımlar iqtisadi inkişafın nəticələrinin vətəndaşların sosial rifahında daha aydın hiss olunmasına yönəlib. Beləliklə, xarici siyasət və sosial-iqtisadi inkişaf bir-birindən ayrı istiqamətlər deyil. Azərbaycanın beynəlxalq tərəfdaşlığının genişlənməsi yeni investisiyaların, ticarət imkanlarının, nəqliyyat layihələrinin və texnoloji əməkdaşlığın inkişafına zəmin yaradır. Bunun nəticəsində iqtisadi potensialın artırılması, yeni iş yerlərinin yaradılması və sosial proqramların maliyyələşdirilməsi üçün daha geniş imkanlar formalaşır.

Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın qarşısında duran hədəflər yalnız əldə olunmuş nailiyyətlərin qorunması ilə məhdudlaşmır. Əksinə, ölkəmiz yeni tarixi mərhələyə uyğun olaraq iqtisadi imkanlarını daha da artırmaq, sosial rifahı yüksəltmək, beynəlxalq əlaqələrini genişləndirmək, nəqliyyat və enerji potensialından səmərəli istifadə etmək, müasir texnologiyalar və innovasiyalar sahəsində yeni tərəfdaşlıqlar qurmaq istiqamətində inamla irəliləyir. Bu baxımdan Azərbaycanın bugünkü xarici siyasəti yalnız siyasi əlaqələrin genişləndirilməsinə deyil, həm də ölkənin iqtisadi inkişafına, investisiya imkanlarının artırılmasına və yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına xidmət edir.

Müharibədən sonrakı dövrdə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də əldə edilmiş Zəfərin nəticələrinin davamlı inkişaf və quruculuq prosesləri ilə möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmin ərazilərdə həyatın yenidən canlandırılması və Böyük Qayıdış prosesinin sürətləndirilməsi xüsusi əhəmiyyət daşıyan məsələlər sırasında yer alır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının, dövlət iradəsinin və gələcəyə hesablanmış inkişaf strategiyasının real ifadəsidir. Bu gün azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur, yollar və digər kommunikasiya xətləri çəkilir, sosial obyektlər istifadəyə verilir. Bütün bunların əsas məqsədi uzun illər doğma yurdlarından ayrı düşmüş vətəndaşların öz torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıdışını təmin etməkdir. Böyük Qayıdış yalnız keçmiş məcburi köçkünlərin məskunlaşdırılması prosesi deyil, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın vahid iqtisadi, sosial və mədəni məkanına tam inteqrasiyasını təmin edən mühüm strateji layihədir. Bu prosesin uğurla həyata keçirilməsi Azərbaycanın daxili imkanları ilə yanaşı, beynəlxalq əməkdaşlıq imkanlarının da genişləndirilməsini zəruri edir. Yeni nəqliyyat bağlantılarının yaradılması, regionun tranzit imkanlarının artırılması, investisiyaların cəlb edilməsi və müasir texnologiyaların tətbiqi Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafında mühüm rol oynayacaq. Beləliklə, Azərbaycanın xarici siyasəti ilə ölkə daxilində həyata keçirilən quruculuq siyasəti arasında qarşılıqlı tamamlanma yaranır. Bu siyasətin əsas hədəfi isə əldə olunan beynəlxalq uğurları ölkənin real inkişafına çevirmək, iqtisadi imkanların genişlənməsini sosial rifahın yüksəlməsi ilə tamamlatmaq və Azərbaycan vətəndaşlarının daha firavan gələcəyini təmin etməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın davam etdirilməsi, yeni iqtisadi imkanların yaradılması və sosial layihələrin genişləndirilməsi bu məqsədin mühüm tərkib hissələridir.

Azərbaycanın qarşısında duran yeni mərhələ həm beynəlxalq müstəvidə mövqelərin daha da möhkəmləndirilməsini, həm də ölkə daxilində dayanıqlı və hərtərəfli inkişafın təmin olunmasını nəzərdə tutur. Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi istiqamətlər Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri gələcək inkişaf üçün möhkəm təmələ çevirmək məqsədinə xidmət edir. Güclü iqtisadiyyat, yüksək sosial rifah, geniş beynəlxalq əməkdaşlıq, təhlükəsizlik və azad edilmiş ərazilərin sürətli bərpası Azərbaycanın yeni inkişaf mərhələsinin bir-birini tamamlayan əsas istiqamətləridir.

Samirə Adəmqızı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki