Azərbaycan milli mətbuatı 151 illik inkişaf yolunda cəmiyyətimizin ictimai fikrinin formalaşmasına, milli şüurun möhkəmlənməsinə və dövlətçilik ənənələrinin qorunmasına mühüm töhfələr verib. XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilən Bakıda maarifçilik hərəkatının vüsət alması milli mətbuatın yaranmasını tarixi zərurətə çevirmişdi.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti yalnız ilk milli mətbuat orqanı deyil, həm də xalqın maariflənməsi, ana dilinin qorunması və müasir düşüncənin formalaşması istiqamətində yeni bir mərhələnin başlanğıcı oldu. Cəmi 56 sayı işıq üzü görən və 1877-ci ilin sentyabrında Çar Rusiyası tərəfindən fəaliyyəti dayandırılan “Əkinçi”, qısa ömrünə baxmayaraq cəhalətə və xurafata kəskin zərbə vurdu, mütərəqqi jurnalist nəslinin formalaşmasına zəmin yaratdı.
Azərbaycan mətbuatının sonrakı inkişaf mərhələləri ölkənin ictimai-siyasi tarixi ilə paralel şəkildə formalaşdı. Müxtəlif dövrlərdə nəşr olunan qəzet və jurnallar milli özünüdərk prosesinin güclənməsinə, maarifçilik ideyalarının yayılmasına, milli-mənəvi dəyərlərin qorunmasına və azadlıq düşüncəsinin inkişafına xidmət etdi. Mətbuat təkcə informasiya mənbəyi deyil, həm də cəmiyyətin inkişaf istiqamətini müəyyənləşdirən əsas ictimai institutlardan birinə çevrildi.Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Müstəqillik dövründə həyata keçirilən islahatlar Azərbaycan mediasının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaratdı. Xüsusilə söz və mətbuat azadlığının təmin olunması, senzuranın ləğvi, qanunvericilik bazasının təkmilləşdirilməsi və medianın iqtisadi dayanıqlığının gücləndirilməsi istiqamətində atılan addımlar peşəkar jurnalistikanın inkişafı üçün əlverişli mühit formalaşdırdı. Son illərdə media sahəsində həyata keçirilən institusional islahatlar bu prosesin davamlı xarakter aldığını göstərir.
Rəqəmsallaşma informasiya mühitini köklü şəkildə dəyişdirib. Ənənəvi media ilə yanaşı, onlayn platformalar və sosial şəbəkələr də informasiya dövriyyəsinin əsas iştirakçılarına çevrilib. Bu dəyişikliklər jurnalistikanın qarşısında yeni imkanlarla yanaşı, ciddi məsuliyyət də yaradır. Sürətlə yayılan məlumatların doğruluğunun yoxlanılması, dezinformasiyaya qarşı mübarizə və peşə etikası prinsiplərinə sadiqlik müasir medianın əsas prioritetlərindəndir. Süni intellekt texnologiyalarının inkişaf etdiyi bir dövrdə etibarlı informasiya cəmiyyət üçün daha böyük əhəmiyyət daşıyır.
Azərbaycan mediası ölkənin taleyüklü hadisələrində də üzərinə düşən missiyanı uğurla yerinə yetirib. Xüsusilə Vətən müharibəsi dövründə jurnalistlər həm operativ məlumatlandırma, həm də informasiya mübarizəsində fəal iştirak edərək dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasına mühüm töhfə verdilər. Bu təcrübə bir daha göstərdi ki, peşəkar və məsuliyyətli media milli maraqların qorunmasının vacib elementlərindən biridir.
Bu gün Azərbaycan mediası artıq regional çərçivələri aşaraq qlobal informasiya məkanında daha fəal iştirak edir. Şuşada keçirilən Qlobal Media Forumları, beynəlxalq əməkdaşlıq platformaları və yeni kommunikasiya layihələri ölkəmizin media sahəsində nüfuzunun artdığını göstərir.
Qarşıdakı dövrdə rəqəmsal transformasiya, media savadlılığının artırılması, innovativ texnologiyaların tətbiqi və etibarlı informasiya mühitinin qorunması Azərbaycan mediasının əsas inkişaf istiqamətlərini müəyyənləşdirəcək.
151 illik tarixə malik Azərbaycan milli mətbuatı zəngin ənənələrini qorumaqla yanaşı, müasir dövrün çağırışlarına uyğun yenilənməyi də bacarır. Dəyişən informasiya mühitində peşəkarlıq, obyektivlik, milli maraqlara sadiqlik və cəmiyyət qarşısında məsuliyyət medianın əsas dayaqları olaraq qalır. Məhz bu dəyərlər Azərbaycan mətbuatının gələcək inkişafını müəyyən edən ən mühüm amillərdir.
Əlibala Məhərrəmzadə
Milli Məclisin deputatı





















