Bu gün daha bir maraqlı futbol gecəsi azarkeşləri gözləyir. İyunun 16-dan 17-nə keçən gecə mundialın iki qrupunda dörd qarşılaşma baş tutacaq. Gecənin mərkəzi oyunlarında dünya çempionu Argentina Əlcəzairlə, ikiqat dünya çempionu Fransa isə Afrika futbolunun ən təhlükəli komandalarından biri olan Seneqalla üz-üzə gələcək. Bundan başqa, Norveç İraqla, Avstriya isə tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanmış İordaniya ilə qarşılaşacaq.

Bu oyunlar təkcə qrup mərhələsinin ilk turu deyil, həm də hər komandanın illərlə yazdığı futbol tarixinin yeni səhifəsidir. Bakı vaxtı ilə saat 23:00-da start veriləcək Fransa-Seneqal oyunu köhnə hesabların yeni davamı qələbə verilir.
Fransa dünya futbolunun ən uğurlu ölkələrindən biridir. “Xoruz”lar 1998 və 2018-ci illərdə dünya çempionu olub, 2006 və 2022-ci illərdə isə finala yüksəlib. Fransa millisi son 30 ildə mundialların ən sabit komandalarından biri hesab olunur.
Zinəddin Zidan, Tyerri Anri, Mişel Platini, Patrik Vieyra, Lilian Türam, Olivye Jiru və Kilian Mbappe kimi ulduzlar Fransa futbolunun dünya şöhrətini formalaşdırıblar. Hazırkı heyətin əsas simaları isə Kilian Mbappe, Eduardo Kamavinqa, Orelyen Çuameni, Uilyam Saliba və Usman Dembeledir.
Seneqal isə Afrika futbolunun qürur mənbələrindən biridir. Komanda ilk dəfə 2002-ci ildə dünya çempionatında iştirak edib və 1/4 finala qədər irəliləyib. Həmin mundialın açılış matçında məhz Fransanı məğlub etmələri futbol tarixinin ən böyük sürprizlərindən biri sayılır.
Sadio Mane, El-Hacı Diuf, Kalidu Kulibali, İdrissa Qana Qeye kimi futbolçular Seneqal futbolunun simvollarıdır. Bu dəfə də afrikalıların əsas məqsədi Fransa qarşısında yeni sensasiya yaratmaqdır.
Gecənin ikinci oyunu saat 02:00-də başlayacaq. İraq Norveçlə münasibətlərinə aydınlıq gətirəcək. Bir tərəfdə tarix, digər tərəfdə Niderland fenomeni dayanıb.
İraq dünya çempionatlarında böyük tarixə malik olmasa da, Asiya futbolunun ən emosional hekayələrindən birinə sahibdir. Komanda yalnız 1986-cı il mundialında iştirak etmişdi. 2007-ci ildə Asiya çempionu olması isə ölkə futbolunun ən böyük uğuru sayılır. İraq futbolu müharibələr, siyasi böhranlar və çətinliklər içində yaşasa da, hər zaman güclü xarakter nümayiş etdirib.

Norveç isə futbolsevərlərin yaddaşında fərqli səbəbdən qalıb. Skandinaviya təmsilçisi 1938, 1994 və 1998-ci illərdə dünya çempionatlarında çıxış edib. Ən böyük uğuru isə 1998-ci ildə 1/8 finala yüksəlməsi olub.
Bu gün Norveçin ən böyük üstünlüyü dünya futbolunun ən məhsuldar hücumçularından biri olan Erlinq Hollanddır. “Mançester Siti”nin bombardiri artıq uzun müddətdir ki, Avropa futbolunun əsas simalarından biridir.
Norveç heyətində Martin Edeqor da xüsusi yer tutur. Arsenalın kapitanı komandanın beyni hesab edilir. Bu oyun Hollandla İraq müdafiəsinin dueli kimi də qiymətləndirilir.
Gecənin ən çox gözlənilən qarşılaşması şübhəsiz ki, Argentina – Əlcəzair oyunudur. 05:00-də start fiti çalınacaq. Argentina dünya futbolunun canlı əfsanələrindən biridir. Cənubi Amerika təmsilçisi üç dəfə-1978, 1986 və 2022-ci illərdə dünya çempionu olub. Dieqo Maradona, Mario Kempes, Gabriel Batistuta, Xuan Roman Rikelme və Lionel Messi kimi futbolçular futbol tarixinin ən böyük adları sırasındadır.
2022-ci ildə Messinin rəhbərliyi altında dünya çempionu olan Argentina indi yeni nəslin üzərinə qurulan komanda ilə uğurlarını davam etdirməyə çalışır. Komandanın əsas ulduzları Lautaro Martinez, Xulian Alvares, Enso Fernandes, Aleksis Mak Allister və Kristian Romerodur.
Əlcəzair isə Afrika futbolunun ən istedadlı kollektivlərindən biri sayılır. Komanda dünya çempionatlarında beşinci dəfə iştirak edir. Əlcəzairin ən böyük uğuru 2014-cü ildə 1/8 finala yüksəlməsi olub. Həmin mundialda onlar Almaniyaya yalnız əlavə vaxtda məğlub olmuşdular. Riyad Mahrez, İslam Slimani, Sofyan Fequli və Yasin Brahimi ölkə futbolunun ən məşhur simalarıdır. Argentina bu görüşün açıq favoriti sayılsa da, Əlcəzair sürpriz yaratmaq potensialına malik komandalardan biridir.
Səhər saatlarının son qarşılaşması 08:00-dakı Avstriya-İordaniya matçıdır. Avstriya dünya futbolunun köklü ölkələrindəndir. Onlar 1934-cü ildə dördüncü, 1954-cü ildə isə üçüncü yeri tutublar. Sonrakı dövrlərdə əvvəlki gücünü itirsələr də, son illərdə yenidən yüksəlişə keçiblər.
David Alaba, Marsel Sabitser, Kristof Baumqartner və Konrad Laymer komandanın əsas ulduzlarıdır.
İordaniya isə bu mundialın ən romantik hekayələrindən biridir. Ölkə tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Asiya Kuboku-2023-də finala qədər irəliləyən İordaniya son illərdə böyük inkişaf yolu keçib. Komandanın liderləri Musa Əl-Tamari, Yazan Əl-Naimat və Əhsən Həddaddır.
Bu görüşdə favorit Avstriyadır. Amma İordaniya futbolçuları dünya çempionatında ilk xal və ya ilk qələbə qazanarsa, bu tarixi hadisə olacaq. Futbolçular hamıdan çox bunun fərqindədir…Musavat.com





















