“Ermənistanda parlament seçkiləri iyun ayının 7-nə planlaşdırılıb. Seçkilər yaxınlaşdıqca cəmiyyətdə gərginlik artır. Əsasən iki qüvvə arasında gedən mübarizə Ermənistanın hüdudlarından kənara çıxır və ölkə geosiyasi rəqabət meydanını xatırladır. Bir tərəfdə Qərb dairələri tərəfindən dəstəklənən və siyasi hakimiyyəti təmsil edən baş nazir Paşinyan, digər tərəfdə isə Moskvanın dəstəklədiyi, Robert Koçaryan və rusiyalı milyarder Samvel Karapetyanın başçılığı ilə əsasən keçmiş Qarabağ klanından ibarət revanşist, daşnak-millətçi qrup dayanır. Açıq-aşkar hiss olunur ki, Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında gərgin mübarizə gedir”.
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, son müşahidələrə və sosial sorğuların nəticələrinə görə, Paşinyan reytinq baxımından irəlidədir:
” Bununla yanaşı, xarici təzyiqlərin təsiri nəticəsində sensasiyalı hadisələrin baş verməsi də mümkündür. Seçkilərdən sonra Ermənistan daxilində qarşıdurmaların artacağını, hətta vətəndaş müharibəsinin belə baş verə biləcəyini proqnozlaşdırmaq olar.
Müxalifətin qalib gələcəyi təqdirdə regionda gərginliyin artacağı şübhəsizdir. Erməni xalqı bilməlidir ki, ölkəsinin təhlükəsizliyi və inkişafı qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Əks təqdirdə, Ermənistan dövlətinin varlığına və təhlükəsizliyinə heç kim zəmanət verə bilməz”.





















