image-1772624263_20260302_121622backend

“Nadir şah: Sənədlərin dili ilə tarixi portret” adlı kitab nəşr olunub

image-ads-728x90

Tanınmış tarixçi alim, tarix elmləri doktoru Nigar Gözəlovanın yeni kitabı çapdan çıxıb.

Korrekt.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Nadir şah: Sənədlərin dili ilə tarixi portret” adlı kitab XVIII əsr tarixinə yeni baxış təqdim edir. Nəşrdə institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov tərəfindən XVIII əsr rus dilindən tərcümə olunmuş mətnlər yer alıb.

Kitabın layihə rəhbəri, elmi redaktoru, tərtibçisi, giriş mətninin və elmi şərhlərin müəllifi Nigar Gözəlovadır. Əsərdə Nadir Şahın həyatı və fəaliyyəti Avropa və Rusiya mənbələri əsasında sistemli şəkildə araşdırılır, onun obrazının formalaşma prosesi elmi ardıcıllıqla təhlil olunur.
Nəşrin əsas elmi yeniliklərindən biri Azərbaycan tarixşünaslığında ilk dəfə XVIII əsrə aid iki mühüm rus diplomatik arxiv sənədinin elmi dövriyyəyə daxil edilməsi, Azərbaycan dilinə tərcümə olunması və geniş şərhlərlə birlikdə təqdim edilməsidir. Bu sənədlər Afşarilər dövlətinin daxili siyasi mexanizmlərini, saray çəkişmələrini və hakimiyyət uğrunda mübarizəni birbaşa müşahidələr əsasında işıqlandırır.
Araşdırmada qeyd olunur ki, Nadir şah haqqında ilk geniş həcmli tarixi və bioqrafik əsərlər hələ onun sağlığında – 1738-ci ildən etibarən yazılmağa başlanıb və XVIII əsr boyunca Avropa ölkələri ilə Rusiyada bu böyük sərkərdəyə dair çoxsaylı nəşrlər çap olunub. Onun şəxsiyyəti və fəaliyyəti dövrünün intellektual mühitində böyük maraq doğuraraq diqqət mərkəzinə çevrilib.
Qeyd edək ki, kitab 1736-cı ildə Muğan düzünün Suqovuşan ərazisində keçirilmiş və Qızılbaş dövlətçiliyinin XVIII əsr siyasi tarixində mühüm yer tutan qurultayın 290 illiyinə həsr olunub.

Qeyd edək ki, sözügedən nəşrin təqdimat mərasimi martın 27-də Litera kitab evində keçiriləcək. Tədbirə bütün kitabsevərlər dəvətlidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki