image-1backend

Natiq Cəfərli: “Qulaqları kəsdilər, indi də saymağa başlayıblar” — İqtisadçı kart məhdudiyyətlərini tənqid etdi

image-ads-728x90

İqtisadçı Natiq Cəfərli bank kartları ilə bağlı tətbiq edilən məhdudiyyətləri tənqid edib.

Korrekt.az xəbər verir ki, Natiq Cəfərli sosial şəbəkə hesabında yayımladığı açıqlamasında bir müddət əvvəl “card to card” köçürmələrinə tətbiq olunan məhdudiyyətlərə toxunub. O bildirib ki, həmin qərarın əsas məqsədi vergidən yayınmanın qarşısını almaq olsa da, problemin səbəbləri əvvəlcədən ətraflı müzakirə edilməli idi.

İqtisadçının sözlərinə görə, kiçik və orta sahibkarların vergidən yayınmağa meyil etməsinin səbəbləri, nağdsız ödəniş infrastrukturunun xərcləri və POS-terminallardan istifadə zamanı sahibkarların ödədiyi xidmət haqları araşdırılmalıdır.

“Bir müddət əvvəl ‘card to card’ məsələsi ilə bağlı mənasız qərar qəbul etdilər, məhdudiyyətlər gətirdilər. Elə qərarın verildiyi gün dedik ki, mənasız yanaşmadır, insanlar bir əvəzinə 5-6 kart açacaqlar”, – deyə Natiq Cəfərli bildirib.

O qeyd edib ki, POS-terminallar üçün aylıq ödənişlərin və nağdsız ödənişlər zamanı sahibkarlardan tutulan xidmət haqlarının da iqtisadi yük yaratdığını düşünür.

“Bu da faktiki vergidir, xərcdir”, – deyə iqtisadçı vurğulayıb.

Cəfərli hesab edir ki, tətbiq olunan məhdudiyyətlər gözlənilən nəticəni verməyib və vətəndaşlar alternativ yollar tapıblar.

“Tez-tələsik qərar verib bütün qulaqları kəsdilər, indi saymağa başlayanda anladılar ki, bizim vətəndaşlar hökumətdən daha kreativdir. İndi bir yox, beş kart alıb o mənasız məhdudiyyətdən yan keçə bilirlər”, – o bildirib.

İqtisadçı yeni qaydalara əsasən fiziki şəxsin hər bankda manatla yalnız bir kart əldə edə bilməsi ilə bağlı yanaşmanı da tənqid edib. Onun fikrincə, bu məhdudiyyət effektiv nəticə verməyəcək.

“Birincisi, bankların işinə müdaxilədir. İkincisi, indi öz adına bir kart açacaqsa, qohum-əqrabası adına da yenə lazım olduğu qədər karta sahib olacaq”, – Natiq Cəfərli deyib.

İqtisadçı problemin inzibati qadağalarla həll edilməsinin düzgün yanaşma olmadığını bildirib.

“Dünyada iki məsələnin qarşısını inzibati və mənasız yolla, qadağalarla almaq mümkün deyil – pul və ideya. Hətta SSRİ belə bunu bacarmadı, nə pulun, nə ideyanın qarşısını ala bilmədi. Siz də eyni səhv yolla gedirsiniz”, – deyə Natiq Cəfərli qeyd edib.

O, qərarların qəbulundan əvvəl problemin səbəblərinin müəyyənləşdirilməsini və alternativ həll yollarının müzakirə edilməsini vacib sayıb.

“Əvvəl problemi doğru təsbit edin, sonra həll yollarını müzakirə edin, lap sonda qərar verin. Tam tərsinə edirsiniz: müzakirəsiz qərar verirsiniz, sonra görürsünüz ki, işləmir, başlayırsınız daha səhv qərarlar verməyə”, – iqtisadçı bildirib.

Cəfərli əlavə edib ki, həddindən artıq tənzimləmə, qadağalar, məhdudiyyətlər, yüksək vergilər və digər xərclər iqtisadi fəallığa mənfi təsir göstərə bilər.

“İqtisadiyyatı boğursunuz. Aşırı tənzimləmə, qadağa, məhdudiyyətlər, yüksək vergilər, əlavə qeyri-qanuni və qanuni xərclər – bütün bunlar onsuz da zəifləmiş iqtisadiyyatı daha da batırır. Görmürsünüz bunu?” – deyə iqtisadçı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki