image-1backend

Naxçıvanda büdcə xərclərinə nəzarət sərtləşir: VACİB dəyişiklik

image-ads-728x90

Naxçıvan Muxtar Respublikasında son illər həyata keçirilən idarəetmə və maliyyə islahatları fonunda Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi diqqət çəkir. Qanun dəyişikliyinə əsasən, qurum bundan sonra Naxçıvanın büdcə layihəsi, büdcəsinin icrası, eləcə də müvafiq qanun layihələri və illik hesabatlar barədə də rəy verəcək. Bu addım Naxçıvanda dövlət maliyyəsinə nəzarətin daha da gücləndirilməsi kimi qiymətləndirilə bilərmi? Yeni mexanizm büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq və hesabatlılığı artıracaqmı? Hesablama Palatasına verilən bu səlahiyyət Naxçıvanın maliyyə idarəçiliyində hansı dəyişikliklərə səbəb ola bilər?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı fikrini bölüşüb: “Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının büdcə layihəsi, büdcənin icrası və müvafiq maliyyə sənədləri üzrə rəy vermək səlahiyyətlərinin genişləndirilməsini, dövlət maliyyə nəzarətinin institusional baxımdan gücləndirilməsi istiqamətində müsbət və olduqca uğurlu bir addım hesab edirəm.
Haqqında danışdığımız bu dəyişikliklər büdcə prosesinin yalnız vəsaitlərin xərclənməsindən sonrakı mərhələni deyil, həm də onların planlaşdırılması dövrünü və peşəkar, müstəqil maliyyə təhlilindən keçməsini zəruri edir. Düzdür, sənəddə bu cür qeyd olunub, amma gələcəkdə praktikada bunun hansı formada icra olunacağını birlikdə görəcəyik. Bu addım nəticə etibarilə büdcə proqnozlarının daha real hazırlanması, yəni fiskal risklərin əvvəlcədən müəyyən edilməsi deməkdir. Eyni zamanda, dövlət vəsaitlərinin istifadəsinin səmərəliliyini qiymətləndirmək üçün effektiv bir nəzarət mexanizmi formalaşdırır”.

Ekspert əlavə edib ki, ancaq buna paralel olaraq təkcə səlahiyyətlərin genişləndirilməsi avtomatik olaraq şəffaflığın və hesabatlılığın artırılması anlamına gəlmir: “Əsas məsələ buradadır ki, Hesablama Palatasının rəyləri nə dərəcədə müstəqil hazırlanacaq, bu rəylər ictimaiyyət üçün nə dərəcədə əlçatan olacaq və aşkarlanan nöqsanlar üzrə hansı effektiv, real tədbirlər həyata keçiriləcək. Əgər audit nəticəsində qərarların qəbulu nəzərə alınacaqsa, tövsiyələrin icrasına ciddi nəzarət ediləcəksə və büdcə prosesində məsuliyyət mexanizmi gücləndiriləcəksə, bu dövlət islahatı maliyyənin idarə edilməsində əhəmiyyətli dərəcədə keyfiyyət dəyişikliyinə və yaxşılaşmaya gətirib çıxara bilər. Amma bu şərtlər yerinə yetirilmədiyi halda, yeni səlahiyyətlər sadəcə formal xarakter daşıyacaq və gözlənilən institusional effekti verməyəcək”.

Naxçıvanda büdcə gəlirləri 11 %-dən çox artıb

Asif İbrahimov uzunmüddətli perspektivdə bu dəyişikliyin Naxçıvanda maliyyə intizamının möhkəmlənməsinə və dövlət büdcəsinin daha səmərəli xərclənməsinə xidmət edəcəyini düşünür: “Çünki indiyə qədər orada müəyyən qeyri-şəffaflıq elementləri müşahidə olunurdu. Bu addım fiskal risklərin azalmasına və investorların dövlət maliyyəsinin idarə edilməsinə olan etimadının artmasına gətirib çıxaracaq. Bunun üçün audit institutunun peşəkar müstəqilliyi, nəticələrin açıqlanması və tövsiyələrin icrası üzrə hesabatlıq mexanizmi praktikada da tam işlək olmalıdır.Əslində, bu məsələdə velosipedi yenidən icad etməyə ehtiyac yoxdur, çünki bu mexanizmlər artıq mövcuddur. Dünyanın qabaqcıl ölkələrinin praktikasında bu dediyimiz proseslər beynəlxalq standartlar əsasında həyata keçirilir. Bizə sadəcə ən uğurlu nümunəni tapıb ölkəmizin və regionun reallıqlarına uyğunlaşdırmaq lazımdır. Sənəddə nəzərdə tutulan bu mexanizmi normal, şəffaf və müsbət bir addım kimi qiymətləndirirəm, ancaq yenə də qeyd etdiyim kimi, praktikada özünü necə doğruldacağını zaman göstərəcək”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki