İyunun 29-dan iyulun 3-dək Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkil olunmaqdadır. Məlum beynəlxalq tədbirlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, “Türk Dünyası Həftəsi”nin önəmindən danışıb, bunu türk dünyasının həmrəyliyi baxımından yüksək qiymətləndirib:
“Bakı yenə Türk dünyasını bir araya toplayıb. İyunun 29-dan iyulun 3-dək ölkəmizdə keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” Türk coğrafiyasının elm adamları, tədqiqatçı alimləri, mütəfəkkirlərini bir araya gətirib.
Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsini təkcə bir yubiley tədbirinin təşkili kimi xarakterizə etmək doğru olmazdı. Bu həm də türk dünyasının birliyi və həmrəyliyinə mədəni-humanitar aspektdən verilən töhfədir.
100 il əvvəl cərəyan edən proseslərə nəzər yetirdikdə görürük ki, hələ XX əsrin əvvəllərində türk xalqlarının elmi, tarixi, mədəni sahədə inteqrasiyası, bu dövlətlərin qeyd edilən istiqamətlərdə bir araya gəlməsi üçün mühüm tarixi əhəmiyyət daşıyan addımlar atılmışdı. 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Birinci Türkoloji Qurultay bu mənada tarixi əhəmiyyət daşıyırdı. Həmin dövrdə Bakıda keçirilən Birinci Qurultay türk xalqlarının ortaq problemlərinin elmi müstəvidə müzakirə edilməsi, ortaq dil, əlifba, ədəbiyyat, tarix və etnoqrafiya sahələrində əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Aradan keçən müddət ərzində 100 il əvvəl müzakirə edilmiş mövzular yenidən aktuallaşıb, günümüz üçün vacib elementlərdən birinə çevrilib. Bu gün türk dünyasının birliyi, həmrəyliyi və inteqrasiyası zərurətə çevrilib. Bu zərurəti dərindən dərk edən Türk dövlətləri təkcə siyasi deyil, iqtisadi, mədəni-humanitar sahələrdə də birlik və həmrəyliyə xidmət edən addımlar atırlar. Elə Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi də türk tarixinin, irsinin, keçmişinin və bu günün öyrənilməsinə, bu irsin qorunub saxlanılması məqsədilə birgə addımların atılmasına xidmət edir. Bu bir danılmaz faktdır ki, günümüzdə milli dillərin, mədəniyyətlərin və mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət kəsb edir. Yubiley tədbirləri çərçivəsində keçirilən beynəlxalq konfranslar, elmi simpoziumlar, kitab nəşrləri və sərgilər türk xalqlarının ortaq mədəni irsinin daha dərindən öyrənilməsinə şərait yaradır. Bu tədbirlər alimlər arasında yeni elmi əlaqələrin qurulmasına, ortaq tədqiqat layihələrinin hazırlanmasına və qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə təkan verir”.
Millət vəkili qeyd edib ki, “Türk Dünyası Həftəsi” türklük ruhunun təbliği baxımından da mühüm önəm kəsb edir:
“Birinci Türkoloji Qurultayın 100 illiyi mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsinə, ortaq tariximiz, dilimiz, mədəniyyətimizin öyrənilməsi və onun təbliği ilə yanaşı, gənclərin Türk ruhunda tərbiyəsi, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması baxımından da əhəmiyyətli hadisədir. Heç şübhəsiz ki, gənclər bu kimi tədbirlər vasitəsilə türk xalqlarının zəngin tarixi, mədəni irsi, elmi, ədəbiyyatı, milli və mədəni dəyərləri haqqında daha geniş məlumat əldə edə bilirlər. Bu isə onlarda ortaq kimlik hissini, milli qüruru və türk dünyasına mənsubiyyət duyğusunu gücləndirir. Qurultayda təkcə yaşlı nəsil deyil, həmçinin gənc alimlərin və tələbələrin də iştirakı təkcə təcürbə qazanmaq deyil, həmçinin onların dünyagörüşünün genişlənməsi, Türk coğrafiyasında gələcəkdə səmərəli əməkdaşlıqlar etmək üçün zəmin yaradır.
Birinci Türkoloji Qurultayı əhəmiyyətli edən məqamlardan biri də bu mühüm tədbirin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsidir. Bu bir daha Azərbaycanın Türk dünyasının inteqrasiyasında mühüm aktor kimi çıxış etdiyini ortaya qoyur. Eyni zamanda Azərbaycanın Türk Dövlətləri Təşkilatı daxilində uğurlu fəaliyyətini özündə tərənnüm edir. Təsadüfi deyil ki, bu gün Türk Dövlətləri Təşkilatının mədəni-humanitar sahədə atdığı addımların təməli, onun proqramı demək olar ki, məhz 100 il əvvəl Türkoloji Qurultayda müəyyən edilib. Elə tədbir iştirakçılarına ünvanladığı müraciətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu məqama diqqət çəkərək qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır”.





















