Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İSİPAB) 20-ci Konfransında çıxış edən Numan Kurtulmuş İslam dünyasının yeni qlobal çağırışlar fonunda genişmiqyaslı islahatlar həyata keçirməsinin vacibliyini vurğulayıb.
Korrekt.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri bildirib ki, dünya tarixi dönüş nöqtəsindən keçir və mövcud beynəlxalq sistem sürətlə dəyişir.
“İslam dünyasının A-dan Z-yə qədər hərtərəfli islahat prosesinə ehtiyacı var. İslahat dedikdə köklərimizdən uzaqlaşmağı və ya İslam dəyərlərindən imtina etməyi nəzərdə tutmuram. Əksinə, Həzrət Peyğəmbərin və Səadət dövrünün göstərdiyi prinsiplər əsasında dəyərlərimizlə yenidən qovuşmalı və onları müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməliyik”, – deyə Kurtulmuş bildirib.
O qeyd edib ki, siyasi, institusional və intellektual islahatlar İslam ölkələrinin qarşısında duran ən mühüm məsələlərdən biridir. Onun sözlərinə görə, bu islahatlar ədalət, səriştə, məşvərət və hesabatlılıq prinsipləri üzərində qurulmalıdır.
Numan Kurtulmuş İslam dünyasının ən böyük problemlərindən birinin parçalanma və birgə iradənin zəifliyi olduğunu bildirib.
“Etnik, məzhəbi, siyasi və fikri fərqliliklərimizi qarşıdurma səbəbi deyil, ümmətin zənginliyi kimi qəbul etməliyik. Qarşıda duran çağırışların öhdəsindən yalnız birlik və həmrəylik şəraitində gələ bilərik”, – deyə o vurğulayıb.
Kurtulmuş əlavə edib ki, 2 milyardan artıq əhaliyə, zəngin təbii resurslara və böyük iqtisadi potensiala malik İslam dünyası yeni formalaşan çoxtərəfli dünya nizamında mühüm güc mərkəzlərindən birinə çevrilə bilər.





















