Bakının Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 51 ünvanındakı “İdeal” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında idarəetmə ilə bağlı narazılıq böyüyür. Sakinlər bildirirlər ki, bina təhvil verilsə də, qanunla nəzərdə tutulan komendant seçkisi hələ də şəffaf şəkildə təşkil olunmayıb.
“Biz sakinlər olaraq bu məsələni illərlə yalnız qanun çərçivəsində həll etmək istəyirdik. Mənzil Məcəlləsində bu açıq şəkildə göstərilib ki, MTK bina təhvil verildikdən sonra bir ay ərzində sakinlərə şərait yaratmalıdır ki, onlar yığılıb komendant seçməlidirlər. Hazırda isə burada bu proses düzgün aparılmır. Mən özüm şahidəm ki, Bakının müxtəlif yerlərində bu proses normal şəkildə həyata keçirilib və heç bir problem olmayıb”.
Bunu “İdeal” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının sakini Aydın İsmayılov Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, binada saxtalaşdırma halları var:
“Tam olmasa da, təxminən 90 faiz ehtimalla saxtalaşma var. Öz adamlarını, qohumlarını siyahıya salıb imza atdırırlar ki, guya Sahib Rüstəmovun rəhbərliyi ilə kooperativ yaradılıb və idarəetmə onlara məxsusdur. Halbuki qanunda açıq şəkildə göstərilir ki, MTK 5-6 il ərzində binadan çıxmazsa, bununla bağlı cinayət məsuliyyəti yaranır.
Təəssüf ki, sakinlərin çoxu mədəni, ziyalı insanlardır, qalmaqala getmək istəməyiblər. İstək var, amma kimsə bu məsuliyyəti üzərinə götürüb qabağa çıxmalıdır. Biz Azərbaycanda yaşayırıq və vəziyyəti yaxşı bilirik. Şamil müəllim bu binanın sahibidir. Adi adam deyil, hamı onu yaxşı tanıyır, bilirlər ki, kimdir. Sadəcə olaraq, son bir ayda müəyyən səbəblərdən fəal işləyə bilmədik. Binamızın həyəti çox pis gündədir. Bu məlumatları onlara deyəndə, fakt göstərəndə belə, onlar bunu təkzib edirlər”.
Sakin qeyd edib ki, son aylarda sakinlərin müəyyən səbəblərdən fəallığı zəifləyib, bu da binanın həyətinin və ümumi vəziyyətinin daha da pisləşməsinə səbəb olub.
Onun iddiasına görə, göstərilən faktlara baxmayaraq, MTK nümayəndələri deyilənləri qəbul etmir və təkzib edirlər.





















