image-1backend

Evdən işləmək istəyənlərə MÜJDƏ

image-ads-728x90

Dünyada ənənəvi iş rejimi tədricən dəyişir. Bir sıra ölkələrdə işçilərə həm ofisdən, həm də evdən işləmək imkanı verən hibrid iş modeli geniş yayılır. Bu model əməkdaşlara iş vaxtını daha çevik planlaşdırmaq, yola sərf olunan vaxta qənaət etmək imkanı yaradır. Azərbaycanda da bu müzakirələr aktuallaşır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq təcrübəni öyrənməsi hibrid iş rejiminin ölkəmizdə tətbiqi perspektivlərini gündəmə gətirir.

Bəs Azərbaycanda hibrid iş rejiminin genişləndirilməsi realdırmı?

Hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərlə məsafədən iş anlayışı qanunvericiliyə daxil edilib: “Həmçinin müəyyən olunub ki, məsafədən çalışan işçilərin hüquq və vəzifələri bilavasitə iş yerində çalışan əməkdaşların hüquq və vəzifələrindən fərqlənmir. Qanunvericilikdə məsafədən işin müxtəlif formaları ayrıca təsnifləşdirilməyib. Halbuki burada tam məsafədən iş, ənənəvi qaydada ofisdə çalışma və hibrid iş modeli kimi fərqli yanaşmalar mövcuddur. Hibrid modeldə işçi işinin bir hissəsini məsafədən, digər hissəsini isə ofisdə yerinə yetirir. Bu bölgü konkret işin xarakterindən və hansı funksiyaların harada icra edilməsinin mümkünlüyündən asılıdır”.

Sahib Məmmədov hesab edir ki, hibrid iş rejiminin tətbiqi baxımından qanunvericilikdə ciddi maneə yoxdur: “Lakin dövlət orqanlarında, dövlət sektorunda və büdcə təşkilatlarında bu modelə keçid üçün əlavə qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Belə ki, hansı vəzifələrdə çalışan əməkdaşların məsafədən və ya hibrid rejimdə işləyə biləcəyi aydınlaşdırılmalıdır. Kommersiya qurumlarında isə bu modelin tətbiqi ilə bağlı hüquqi baxımdan ciddi problem mövcud deyil”.

Hüquqşünasın fikrincə, əsas açıq qalan məsələlərdən biri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı sığorta məsələsidir: “Ənənəvi iş yerində işəgötürən əməkdaşın əməyin mühafizəsi qaydalarına əməl etməsinə nəzarət edə bilir. Lakin işçi evdən və ya başqa məkandan çalışdıqda bu nəzarətin necə həyata keçiriləcəyi sual doğurur”.

Sahib Məmmədov vurğulayıb ki, bu kimi hüquqi boşluqlar aradan qaldırılmalıdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki