Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi İrəvan-Moskva münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər. Bu addım Ermənistanın təşkilat daxilindəki mövqeyini zəiflətməklə yanaşı, Rusiya ilə onsuz da soyuq olan münasibətlərinə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən, İrəvanın KTMT-dən uzaqlaşmaq siyasəti fonunda bu qərarın ölkənin təhlükəsizlik və xarici siyasət maraqlarına hansı nəticələri ola bilər? Ermənistan Moskva ilə münasibətlərdə daha ciddi itkilərlə üzləşə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, əslində bu, İrəvanın istədiyi nəticədir:
“Ermənistan hazırda KTMT-yə münasibətdə elə siyasət yürüdür ki, təşkilatın özü onu üzvlükdən kənarlaşdırsın. Yəni rəsmi İrəvan istəyir ki, özü təşkilatdan çıxmaq qərarı verməsin, əksinə, üzv dövlətlər Ermənistanın KTMT-dən kənarlaşdırılmasına təşəbbüs göstərsinlər. Beləliklə, ölkə özü bu addımı atmaqla diplomatik gərginlik yaratmaq məcburiyyətində qalmasın və təşkilatdan ayrılmaq məsuliyyətini digər tərəflərin üzərinə qoysun. KTMT hazırda Ermənistan üçün elə də vacib təşkilat deyil. Rusiyanın təsir dairəsində olan qurumlar arasında Ermənistan üçün müəyyən əhəmiyyət daşıyan təşkilat Avrasiya İqtisadi Birliyidir. Çünki İrəvanın Rusiya və həmin quruma üzv digər ölkələrlə iqtisadi əlaqələri mövcuddur. Bu baxımdan Avrasiya İqtisadi Birliyinin Ermənistan üçün müəyyən iqtisadi əhəmiyyəti var. Lakin KTMT-nin ölkə üçün əvvəlki strateji əhəmiyyətini qoruyub saxladığını söyləmək çətindir”.
Ermənistan bundan sonra KTMT-dən nə gözləyir və bu təşkilat ölkənin təhlükəsizlik maraqlarına nə dərəcədə cavab verir?
Politoloqun sözlərinə görə, hazırda Ermənistan üçün başlıca prioritet Qərbə inteqrasiya prosesini sürətləndirmək, Avropa İttifaqı və NATO ilə münasibətləri inkişaf etdirməkdir:
“İrəvanın qarşısında duran əsas hədəflərdən biri də bu istiqamətdə siyasi və diplomatik addımları genişləndirməkdir. Təbii ki, Rusiyanın təsir dairəsində olan təşkilatlarda üzvlüyünü və ya fəal iştirakını davam etdirən dövlətin Qərb strukturlarına inteqrasiyası müəyyən ziddiyyətlər yaradır. Çünki NATO ilə KTMT, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında rəqabət mövcuddur. Bu baxımdan düşünürəm ki, Ermənistanın KTMT-dən uzaqlaşması ölkə üçün ciddi problem yaratmayacaq. Əksinə, hesab edirəm ki, Paşinyan hökuməti bu siyasətlə tədricən öz məqsədinə yaxınlaşır. Başqa sözlə, İrəvan Ermənistanın KTMT-dən kənarlaşdırılmasına nail olmaqla, təşkilatdan ayrılmaq istəyini özü üçün daha əlverişli siyasi müstəvidə reallaşdırmağa çalışır”.AzPolitika.info





















