Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduqlarını açıqlayıb.
Korrekt.az xəbər verir ki, Paşinyan bu barədə “İzvestiya”nın şərhçisi Nikolay İvanova müsahibəsində danışıb.
“Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə, biz münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirmək istəyirik”, – deyə Ermənistanın baş naziri bildirib.
Paşinyan Ermənistanın xarici siyasətdə balanslaşdırma və əlaqələrin şaxələndirilməsi siyasəti yürütməyə çalışdığını qeyd edib. Onun sözlərinə görə, eyni zamanda Rusiya ilə münasibətlərdə “obyektiv dəyişikliklər” baş verir.
Baş nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh əldə olunmazdan əvvəl Moskva ilə İrəvan arasında münasibətlər əsasən təhlükəsizlik məsələləri üzərində qurulub. Hazırda isə bu münasibətlərdə transformasiya mərhələsinin başladığını deyən Paşinyan Ermənistanın prosesə konstruktiv yanaşdığını vurğulayıb.
O qeyd edib ki, Ermənistan yalnız Rusiya ilə münasibətlərin transformasiyasını deyil, həm də Moskva ilə dostluq münasibətlərinin daha da dərinləşdirilməsini istəyir.





















