Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin, nazirliklərin və İstintaq Komitəsinin fəaliyyətinin heç vaxt tam qüsursuz ola bilməyəcəyini bildirib.
Korrekt.az xəbər verir ki, Paşinyan bu barədə oktyabrın 8-də İstintaq Komitəsi əməkdaşları gününə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.
Baş nazirin sözlərinə görə, əsas məsələ dövlət qurumlarının fəaliyyətinin mükəmməl olması deyil, ədalət prinsipinə nə dərəcədə sadiq qalınmasıdır.
Paşinyan bildirib ki, Ermənistan cəmiyyətində dövlətin insanların hüquq və ədalətə çıxışı ilə bağlı mövcud təsəvvürlərin dəyişdirilməsinə ehtiyac var.
O qeyd edib ki, böyük maliyyə imkanlarına və müdafiə qruplarına çıxışı olan şəxslərlə belə imkanları olmayan insanlar arasında faktiki fərqlər yaranır. Paşinyanın fikrincə, sonuncular özlərini dövlətin himayəsi altında hiss etməli və ədalətdən məhrum olduqlarını düşünməməlidirlər.
Baş nazir bu baxımdan İstintaq Komitəsinin üzərinə düşən məsuliyyətin böyük olduğunu və bunun gələcəkdə daha da artacağını vurğulayıb.
Paşinyan həmçinin bildirib ki, 20-25 il əvvəl törədilmiş cinayətlərin üzə çıxarılması cəmiyyətdə gözləntiləri artırır. Onun sözlərinə görə, belə hallardan sonra oxşar işlər üzrə araşdırmaların aparılmasını və ədalətin bərpa olunmasını gözləyən insanların sayı artır.
Ermənistan hökumətinin İstintaq Komitəsi əməkdaşlarının sosial təminatlarının yaxşılaşdırılması istiqamətində siyasəti davam etdirəcəyini deyən Paşinyan, qurumun fəaliyyətinin ölkənin iqtisadi imkanları ilə də bağlı olduğunu qeyd edib.
Baş nazirin fikrincə, hüquq-mühafizə sisteminin səmərəli fəaliyyəti yalnız konkret cinayət işləri üzrə zərərin ödənilməsi baxımından deyil, həm də potensial investorların hüquqlarının qorunması və bərabər rəqabət mühitinin təmin edilməsi baxımından əhəmiyyətlidir.





















