“Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Mövcud reallıqlar Paşinyan komandasının Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində addımlar atacağını göstərir.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Arzuman Muradlı bildirib ki, yaxın perspektivdə Azərbaycan-Ermənistan əlaqələrinin daha da genişlənməsi üçün imkanlar mövcuddur. Politoloq Paşinyanın seçkilərdən sonrakı ilk açıqlamalarında Azərbaycan və Türkiyə ilə münasibətlərə xüsusi yer verməsini müsbət hal kimi qiymətləndirib.
“Paşinyanın ilk açıqlamasında Azərbaycan və Türkiyə ilə bağlı mesajların yer alması və hər iki ölkəyə çağırış etməsi sevindirici haldır. Bu, Ermənistanda artıq inkişaf və sabitliyin Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçdiyinin daha yaxşı dərk edildiyini göstərir. Cənubi Qafqazda davamlı sülhün əsas yolu isə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından keçir”, – deyə politoloq vurğulayıb.
Arzuman Muradlının fikrincə, Paşinyanın qələbəsi regionda sülh prosesinin irəliləməsinə və Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə əlavə imkanlar yarada bilər. O hesab edir ki, tərəflər arasında dialoqun davam etdirilməsi regionun təhlükəsizliyi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.





















