“Ermənistanda keçirilən seçkilərin nəticələri regionun gələcək siyasi mənzərəsi və Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Onun sözlərinə görə, seçki prosesi dövründə Rusiyanın Ermənistana müxtəlif istiqamətlərdən ciddi təsir göstərmək cəhdləri müşahidə olunsa da, Nikol Paşinyan rəqiblərini böyük fərqlə qabaqlayaraq qələbə qazanıb.
“Rusiyanın Ermənistana ciddi təzyiqləri vardı, müxtəlif vasitələrdən istifadə edilirdi. Buna baxmayaraq, Paşinyan rəqiblərini böyük fərqlə qabaqladı. Hesab edirəm ki, onun qələbəsi Azərbaycanın maraqları və regionda sabitliyin qorunması baxımından əhəmiyyət daşıyır”, – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Paşinyan indiyədək bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və Qarabağ məsələsinin Ermənistanın daxili siyasi gündəliyindən çıxarıldığını açıq şəkildə ifadə edib.
“Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ məsələsini Ermənistanın daxili gündəliyindən çıxarır və bu istiqamətdə mövqeyini açıq şəkildə ortaya qoyur”, – deyə o vurğulayıb.
Arzuman Muradlının fikrincə, son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar da Ermənistandakı siyasi mühitə müəyyən təsir göstərib.
“Azərbaycan son dövrlərdə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atıb. Müxtəlif humanitar və iqtisadi təmaslar qurulub. Hesab edirəm ki, bu təmaslar da Ermənistanda seçki mühitinə müəyyən təsir göstərib”, – deyə politoloq qeyd edib.
O əlavə edib ki, ABŞ, Türkiyə və Pakistan rəhbərliyinin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etməsi onun beynəlxalq dəstəyə malik olduğunu göstərir.
“Güman etmirəm ki, onun hakimiyyətini ciddi şəkildə sarsıda biləcək hansısa problem yaransın”, – deyə Muradlı bildirib.
Politoloq həmçinin son illərdə Qərb dövlətlərinin Cənubi Qafqaza münasibətində nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini vurğulayıb.
“Ümumiyyətlə, son illərdə ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Cənubi Qafqaza yanaşmasında dəyişiklik müşahidə olunur. Bu ölkələr regionda daha fəal rol oynamağa çalışırlar. Azərbaycan və Mərkəzi Asiya ölkələri onlar üçün strateji əhəmiyyət daşıyır. Buna görə də bölgədə Rusiyanın dominant mövqeyinin zəiflədilməsi istiqamətində siyasət aparılır”, – deyə Arzuman Muradlı əlavə edib.





















