Rusiyada Qafqazdan gələn miqrantlara, xüsusilə azərbaycanlılara qarşı yeni məhdudiyyətlər nəzərdə tutan qanun layihəsi hazırlanır.
Politoloq Arzuman Muradlının sözlərinə görə, LDPR partiyası qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq məqsədilə miqrantlara pnevmatik silahlar, elektroşok cihazları, qaz və digər spreylərin satışının qadağan edilməsini təklif edib. Qanun layihəsinin partiyanın lideri Leonid Slutskinin rəhbərliyi altında Dövlət Dumasına təqdim olunacağı açıqlanıb.
“Bu o deməkdir ki, kriminogen vəziyyətin ağır olduğu Rusiyada miqrantlar yalnız yumruqlarından istifadə etməklə özlərini müdafiə edə biləcəklər. Hansı addımlar atılmalıdır? Nə etməli?” – deyə Arzuman Muradlı vurğulayıb.
Politoloq qeyd edib ki, bu təşəbbüs Rusiyanın daxilində yaranan sosial gərginliyin yükünü ən zəif təbəqə olan miqrantların çiyninə yükləmək deməkdir.
“Bugünkü Rusiya Ukraynadakı müharibə bataqlığında çabalayır, daxildə cinayət statistikası artır, kriminal qruplar güclənir, hüquq-mühafizə orqanlarına inam azalır. Belə bir halda problemə çözüm yolu kimi miqrantlardan elementar özünümüdafiə vasitələri alınır. Təşəbbüs cinayətkarlıqla mübarizə adı daşıyır, amma mahiyyətində ayrı-seçkilik və hüquqi nihilizm var”, – Arzuman Muradlı bildirib.
O əlavə edib ki, Rusiyada çalışmaq məcburiyyətində olan yüz minlərlə azərbaycanlı ölkənin iqtisadiyyatına töhfə verir, vergilər ödəyir. “Amma hər dəfə siyasi populizmin ilk hədəfi miqrantlar olur. Bu qanun layihəsi biabırçılıqdır. Ən təhlükəli məqam isə budur ki, qadağa yalnız qanuna əməl edən insanları zərərsizləşdirəcək, kriminal qruplar isə qeyri-leqal silah əldə etməkdə heç bir çətinlik çəkməyəcək. Belə qanunlar cəmiyyəti qorumaq üçün deyil, cəmiyyəti yönləndirmək üçün tətbiq olunur”, – politoloq əlavə edib.






















