Son günlər Xəzər dənizi hövzəsində baş verdiyi iddia olunan hərbi insidentlər regionun təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. Bu məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Arzuman Muradlı hesab edir ki, hadisənin bütün təfərrüatları beynəlxalq ictimaiyyət üçün tam aydınlaşdırılmalıdır.
“Yaranmış vəziyyət təkcə İran və Ukrayna arasında mümkün qarşıdurma kontekstində deyil, bütövlükdə Xəzəryanı regionun təhlükəsizliyi və beynəlxalq nəqliyyat marşrutlarının gələcəyi baxımından da ciddi əhəmiyyət daşıyır. İlk növbədə bir sıra mühüm suallar cavablandırılmalıdır. Bunların sırasında İrana məxsus gəminin dəqiq hansı koordinatlarda vurulduğu, hadisənin hansı ölkənin ərazi sularında baş verdiyi, həlak olduğu bildirilən İran vətəndaşının kimliyi və hansı missiyanı yerinə yetirdiyi, eləcə də hücumun raket, pilotsuz uçuş aparatı və ya başqa vasitə ilə həyata keçirilib-keçirilmədiyi xüsusi əhəmiyyət kəsb edir.”- deyə Arzuman Muradlı bildirib.
Arzuman Muradlı bildirir ki, əgər hücumun Ukrayna tərəfindən həyata keçirildiyi iddia olunursa, həmin raket və ya PUA-nın uçuş marşrutunun da beynəlxalq səviyyədə araşdırılması vacibdir.
Onun sözlərinə görə, belə silah sistemlərinin uzun məsafələr qət etməsi bir neçə ölkənin hava məkanından keçməsi ehtimalını gündəmə gətirir və bu da region dövlətlərinin hava məkanının təhlükəsizliyi ilə bağlı yeni suallar yaradır.
“Hadisənin ən mühüm aspektlərindən biri İranın buna hansı formada cavab verməyi planlaşdırmasıdır. Mümkün cavab addımlarının marşrutları, istifadə ediləcək silah sistemləri və onların hansı ölkələrin hava məkanına təsir göstərə biləcəyi regional təhlükəsizlik baxımından diqqətlə izlənilməlidir. Müharibənin coğrafiyasının şimal və cənub istiqamətlərindən Xəzər hövzəsinə doğru genişlənməsi region üçün yeni təhlükəsizlik çağırışları yarada bilər. Xəzər dənizi təkcə enerji resurslarının daşınması baxımından deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm logistika və tranzit qovşağı kimi strateji əhəmiyyət daşıyır.”– deyə politoloq bildirib.
Politoloqun qiymətləndirməsinə görə, gərginlik davam edərsə, beynəlxalq yükdaşımalar, Orta Dəhliz layihəsi və regiondan keçən hava nəqliyyatı marşrutları da risk altına düşə bilər. O qeyd edir ki, hazırda Flightradar platformasında Cənubi Qafqaz üzərindən Şərq-Qərb istiqamətində hər gün yüzlərlə mülki təyyarənin uçuşu müşahidə olunur. Lakin hərbi risklərin artması hava məkanının bağlanmasına və ya aviaşirkətlərin alternativ marşrutlara üstünlük verməsinə səbəb ola bilər. Bu isə həm uçuş məsafələrinin uzanması, həm yanacaq xərclərinin artması, həm də beynəlxalq logistika zəncirində əlavə gecikmələr yarada bilər.
Politoloq hesab edir ki, yaranmış vəziyyətdə Xəzəryanı dövlətlərin koordinasiyalı fəaliyyət göstərməsi vacibdir. Onun fikrincə, Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzərin hərbi əməliyyatlar meydanına çevrilməsinin qəbuledilməz olduğunu bəyan edən ortaq siyasi mövqe nümayiş etdirə bilərlər.
Arzuman Muradlının sözlərinə görə, bu ölkələr həm Rusiya, həm də İrana müraciət edərək öz hava məkanlarının və Xəzər hövzəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı beynəlxalq öhdəlikləri xatırlada bilərlər. Politoloq hesab edir ki, region dövlətləri xarici raket və pilotsuz uçuş aparatlarının onların hava məkanı üzərindən Xəzər istiqamətində hərəkət etməsinin qarşısının alınması məsələsini də gündəmə gətirməlidirlər.
Arzuman Muradlı proseslərin başqa bir nəticəsinə də diqqət çəkir. Onun fikrincə, son hadisələr fonunda Xəzərin Rusiya və İran sektorlarında hərbi imkanların müəyyən qədər zəifləməsi müşahidə oluna bilər. Politoloq hesab edir ki, hərbi resursların digər cəbhələrə yönəldilməsi və davam edən münaqişələr nəticəsində Xəzər hövzəsində əvvəlki hərbi aktivliyin azalması ehtimalı mövcuddur.
Politoloq hesab edir ki, bu qiymətləndirmələr mövcud proseslərin inkişaf dinamikasından asılıdır və regionda vəziyyətin necə dəyişəcəyi qarşıdakı dövrdə baş verəcək siyasi və hərbi qərarlardan asılı olacaq.





















