Toy məclislərində israfçılıq illərdir cəmiyyətin ən çox müzakirə olunan mövzularından biridir. Zəngin və çoxçeşidli menyulara süfrələrə doldurulan, sonra da süfrədə qalan təamalar axırda çox vaxt tullantıya çevrilir.
“Artıq 27 ildir ki, bir məqama diqqət yetirirəm. Adamlar evdə, adətən, 1, maksimum 2 növ yemək yeyir, amma toy məclislərində süfrədə olan hər şeyə əl uzadırlar”.
Bunu “Yeni Sabah”a restorator Mahir Əhmədzadə bildirib.
O, toylarda israfçılığı azaltmaq üçün menyu dəyişməsini vacib sayır:
“Maraqlıdır ki, “n” qədər yeməyin olduğu məclisdən çıxıb evə qayıdandan sonra da şikayət edirlər, filan yemək yaxşı deyildi, filan salat xoşuma gəlmədi və s. Məncə, toylarda israfçılığı azaltmaq üçün ilk növbədə menyu dəyişməlidir. Yəni problem yeməyin azlığında deyil, həddindən artıq çox çeşid təqdim edilməsindədir.
Bəzi bölgələrdə maraqlı bir praktika var. Restoran müəyyən məbləğ müqabilində yalnız məkanı və xidməti təqdim edir, müştəri isə istəyinə uyğun ərzağı gətirir, restoran da həmin məhsulları hazırlayıb süfrəyə verir. Bu model Bakıda geniş yayılmasa da, paytaxtda da yalnız icarə haqqı alaraq müştərinin istəyinə uyğun menyu hazırlayan restoranlar mövcuddur”.
M.Əhmədzadə bir neçə təklif irəli sürüb:
“İlk növbədə soyuq qəlyanaltıların sayı azaldılmalıdır. 15-20 növ əvəzinə 8-10 keyfiyyətli çeşid kifayət edər. Eyni məhsulun müxtəlif variantlarını təqdim etməyə ehtiyac yoxdur. Məsələn, 4 növ salat və ya 5 növ pendir süfrəyə qoymaq israfdan başqa bir şey deyil.
Bundan başqa, yeməklər qonaqların sayına uyğun hazırlanmalı, artıq porsiyalar bişirilməməlidir. Menyu mövsümə uyğun tərtib olunmalıdır. Yay aylarında ağır və çox çeşidli yeməklərin əksəriyyəti masada qalır. Menyunun qiyməti çeşidin çoxluğu ilə deyil, keyfiyyəti ilə müəyyənləşdirilməlidir. Az, amma yüksək keyfiyyətli yemək qonaqları daha çox razı salır.
Restoranlar müştərilərə peşəkar məsləhət verməlidirlər. Məqsəd menyunu şişirtmək deyil, həm qonağın büdcəsini, həm də ərzağı qorumaq olmalıdır. İsrafçılığın qarşısını qanun deyil, düzgün planlaşdırılmış menyu və peşəkar yanaşma alır. Bir sözlə, toyun dəbdəbəsi masada qalan yeməklə deyil, qonaqların məmnun ayrılması ilə ölçülməlidir. Az çeşid, yüksək keyfiyyət və düzgün planlaşdırma həm israfı azaldır, həm də toyun dəyərini artırır”.
M.Əhmədzadə əlavə edib: “Cəmiyyət illərlə belə formalaşıb və toyun zənginliyini süfrədəki yeməklərin çoxluğu ilə ölçməyə öyrəşib. Keçmişdə toylar 40 gün 40 gecə davam edirdi, sonra 7 gün 7 gecəyə, daha sonra 3 gün 3 gecəyə endi. Bu gün isə toy məclisləri cəmi 6 saat çəkir.
Mənə elə gəlir ki, bu düşüncə də zamanla dəyişəcək. Təkcə bir nəfərin və ya bir qrup insanın fikri ilə bu ənənə dəyişməyəcək. Xarici ölkələrdə fərqli praktika mövcuddur. Məsələn, bəzi ölkələrdə toy məclisində cəmi bir neçə növ şirniyyat, yüngül qəlyanaltı və içki təqdim olunur, insanlar da bundan narazı qalmırlar. Bizdə isə bu məsələnin həlli üçün zamana ehtiyac var. Düşünürəm ki, bu mövzu sosial şəbəkələrdə və televiziya proqramlarında daha çox müzakirə olunsa, jurnalistlər tərəfindən tez-tez işıqlandırılsa, cəmiyyət də tədricən maariflənər və bu istiqamətdə dəyişiklik baş verər. Nəticədə restoranlar da insanların yeni tələblərinə uyğun fəaliyyət göstərməyə başlayarlar”.
Restorator qeyd edib ki, hazırda bu problemi nə restoranlar həll etməyə çalışır, nə də buna maraq göstərirlər:
“Çünki indiki şəraitdə bu dəyişiklik onlara sərf etmir. Bir məqamı da əlavə etmək istərdim. Biz deyirik ki, toylarda menyu həddindən artıq çoxdur və israfçılığa səbəb olur. Amma maraqlıdır ki, bəzən bu vəziyyəti elə məclis sahibləri özləri də istəyirlər. Restoran sahibləri bunu yaxşı bilirlər.
Masa müxtəlif soyuq qəlyanaltılar və isti yeməklərlə dolu olsa da, bəzən toy sahibi administratora yaxınlaşıb “stolda boş yer qalıb” deyə narazılıq edir. Sanki məqsəd qonağın qarnını doyurmaq yox, masanın göz oxşaması, bolluq təəssüratı yaratmasıdır. Bu, müəyyən mənada psixoloji məsələdir. İnsanlar “gözü-könlü tox olmalıdır” düşüncəsi ilə hərəkət edirlər.
Məhz buna görə də restoranları təkbaşına günahlandırmaq düzgün deyil. Bu, yalnız restoran sahiblərindən asılı olan məsələ deyil. Cəmiyyət də bu istiqamətdə maariflənməlidir. Çox hallarda dəbdəbəli toylar, zəngin menyular, bahalı içkilər görürük. Amma üç-dörd ay sonra həmin ailənin dağıldığını, boşandığını eşidirik. Demək istədiyim odur ki, xoşbəxtlik süfrədəki yeməklərin və ya dəbdəbənin çoxluğu ilə ölçülmür. Belə hallarla tez-tez rastlaşırıq. Məclis sahibi “pul vermişəm, gətirin masaya, daha da doldurun” düşüncəsi ilə hərəkət edir. Halbuki əsas məsələ masanı yeməklə doldurmaq deyil, təqdim olunan yeməyin keyfiyyətidir. Axı bir insanın yeyə biləcəyi miqdar məhduddur”.





















