image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Politoloq:Bu  Rusiya-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı deyil

image-ads-728x90

“ABŞ və Rusiya münasibətlərində müəyyən dəyişikliklərin müşahidə olunduğu görünür. Amerikalı məhbus Robert Qilmanın Rusiya həbsxanasından azad edilərək ölkəsinə qayıtması da bu kontekstdə diqqət çəkən hadisələrdən biridir.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, Qilmanın azad edilməsi ilk növbədə onun özü və ailəsi baxımından müsbət hadisədir. Lakin bu addımın siyasi əhəmiyyətini həddindən artıq şişirtmək düzgün olmaz.

“Burada söhbət hələlik Vaşinqton və Moskva arasında tammiqyaslı məhbus mübadiləsindən deyil, ABŞ vətəndaşının humanitar əsaslarla birtərəfli qaydada azad edilməsindən gedir. Buna görə də yeni diplomatik mexanizmin formalaşdığı barədə tələsik nəticə çıxarmaq tezdir”, – deyə politoloq bildirib.

Ekspertin fikrincə, son dövrlərdə Vaşinqtondan Rusiya-Ukrayna müharibəsinin perspektivləri ilə bağlı səsləndirilən açıqlamalar Donald Tramp administrasiyasının hakimiyyətinin ilk aylarındakı mövqeyindən müəyyən qədər fərqlənir.

Onun sözlərinə görə, ilkin mərhələdə ABŞ-ın ritorikası müəyyən mənada Rusiyanın arqumentlərinə yaxın görünür və Vaşinqtonun müharibənin başa çatdırılması üçün əsasən Ukraynanın güzəştlərinə ümid etdiyi təəssüratı yaradırdı. Hazırda isə bu mövqedə müəyyən dəyişikliklər müşahidə olunur.

Politoloq hesab edir ki, bu dəyişikliklərin bir sıra obyektiv səbəbləri var. Ukrayna Rusiya ərazisinin dərinliklərində yerləşən enerji, sənaye və hərbi obyektlərə zərbələr endirməklə Moskvaya hərbi təzyiq göstərməyə davam edir. Eyni zamanda ABŞ-da Konqresə keçiriləcək aralıq seçkilər yaxınlaşır və daxili siyasi amillər Tramp administrasiyası üçün getdikcə daha böyük əhəmiyyət daşıyır.

Ekspertin fikrincə, belə şəraitdə Moskva da ABŞ-ın siyasi gündəliyinə təsir göstərməyə çalışır. Amerikalı məhbusların azad edilməsi bu istiqamətdə istifadə olunan vasitələrdən biri ola bilər.

“Prezident Tramp üçün amerikalı vətəndaşın ölkəsinə qayıtması həm siyasi, həm də imic baxımından əhəmiyyətlidir. Moskva bunu yaxşı anlayır və belə addımların ABŞ prezidentinə daxili auditoriya qarşısında danışıqlar aparmaq və nəticə əldə etmək qabiliyyətini nümayiş etdirmək imkanı verdiyini nəzərə alır”, – politoloq vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki