image-media-media-1-3c79l6ji8zyfnv0q5sge-gsbfzxt1mwcha6pj8yn5backend

Politoloq: Ermənistanda seçkilər öncəsi siyasi mübarizə açıq qarşıdurmaya çevrilir

image-ads-728x90

Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi vəziyyət getdikcə gərginləşir. Bu barədə saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Onun sözlərinə görə, artıq müxalifət düşərgəsi ilə hakimiyyət arasında qarşıdurma açıq mübarizə mərhələsinə keçib:

“Ermənistanda seçkilər yaxınlaşdıqca vəziyyət gərginləşir. Artıq erməni müxalifəti Nikol Paşinyana qarşı açıq savaşa başlayıb. Görünən odur ki, 7 iyun parlament seçkilərinə hazırlaşan ölkədə düşərgələrarası mübarizə açıq qarşıdurmaya çevrilib.”

Politoloq qeyd edib ki, hakim komanda seçkilərdə qalib gəlmək üçün rəqiblərini zəiflətməyə çalışır:

“Paşinyan və komandası bu seçkilərdə qalib olmaq üçün indidən rəqiblərini sıradan çıxarmağa çalışır. Çünki müxalifət cəmiyyəti müharibə ritorikasına kökləyir və demək olar ki, hər açıqlamada yeni müharibə ehtimalı gündəmə gətirilir.”

A.Muradlının sözlərinə görə, hakimiyyət nümayəndələrinin son açıqlamaları da vəziyyətin nə qədər həssas olduğunu göstərir. Baş nazir Nikol Paşinyan bəyan edib ki, rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası parlamentdə konstitusion çoxluq əldə etməzsə, ölkəni ciddi təhlükələr gözləyə bilər. Onun fikrincə, belə halda payız aylarında “dağıdıcı müharibə” ehtimalı yarana bilər.

Politoloq əlavə edib ki, oxşar mövqe digər yüksək vəzifəli şəxslərin çıxışlarında da öz əksini tapır. “Belə ki, xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, hakim partiya seçkilərdə çoxluğu təmin etməsə, Azərbaycanla müharibə ehtimalı arta bilər. Nazir bu riskin müxalif qüvvələrin ideologiyası ilə bağlı olduğunu qeyd edib və onları qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməkdə ittiham edib. Eyni zamanda parlament sədri Alen Simonyan da müharibə ehtimalının real olduğunu vurğulayıb və bu təhlükənin gözlənilməz olmadığını bildirib. Bütün bu bəyanatlar Ermənistanda seçkiöncəsi siyasi mübarizənin təkcə daxili rəqabətlə məhdudlaşmadığını, həm də regional təhlükəsizlik müstəvisinə keçdiyini göstərir.”- deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki