“Hörmüz boğazının fəaliyyəti ilə bağlı İran və Oman arasında aparılan danışıqlar artıq yekunlaşmaq üzrədir. İran tərəfi də danışıqlarda son mərhələyə yaxınlaşdıqlarını açıqlayıb. Lakin iki ölkə arasında razılaşmanın əldə olunması hələ problemin tam həlli demək deyil”. – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Hörmüz boğazından neft və qaz ixrac edən və idxal edən ölkələr artıq alternativ marşrutlar üzərində düşünməyə başlayıblar:
“Çünki bu dövlətlər hesab edirlər ki, İran və Oman arasında əldə olunacaq razılaşma müvəqqəti xarakter daşıya bilər. ABŞ-İran müharibəsi yenidən alovlanarsa, Tehran Hörmüz boğazını təkrar bağlaya bilər. Bu isə boğaz vasitəsilə neft və sıxılmış təbii qaz daşımalarının yenidən dayanması demək olacaq. Hörmüz boğazına alternativ marşrutlar da tam təhlükəsiz deyil. Bölgədə fəaliyyət göstərən silahlı qruplar, o cümlədən onların malik olduğu dronlar alternativ marşrutlarla daşınan yanacaq və enerji resursları üçün də təhlükə yarada bilər. Tam təhlükəsiz alternativ marşrutların yaradılması isə həm zaman, həm də böyük maliyyə resursları tələb edir. Hər halda, Səudiyyə Ərəbistanı Qırmızı dənizə çıxan boru kəməri vasitəsilə neft nəqlinin həcmini gündəlik 2 milyon barrelə çatdırmağı planlaşdırır”. – deyə Arzuman Muradlı bildirib.
Arzuman Muradlı bildirib ki, Hindistan da Hörmüz boğazı ilə bağlı mövcud vəziyyətə uyğun qərarlar qəbul etməyə başlayıb:
“Hindistan neft idxalının həcminə görə dünyada üçüncü yerdədir. Ölkə son iki ildə Rusiyadan neft alışını artırsa da, neftə olan tələbatının təxminən 40 faizini Hörmüz boğazı vasitəsilə təmin edirdi. Lakin hazırkı vəziyyət Hindistanı bu marşrutdan neft idxalını azaltmağa məcbur edib.
Artıq Hindistanın neft emalı zavodları Hörmüz boğazından alınan neftin digər istiqamətlərdən tədarük edilən xammalla əvəzlənməsi imkanlarını araşdırırlar.
Böyük Britaniyanın “Peritus International” mühəndislik şirkəti Hindistanın “South Asia Gas Enterprises” şirkətinin sifarişi əsasında Birləşmiş Ərəb Əmirliklərindən başlayaraq Ərəb dənizi vasitəsilə Hindistan sahillərinə qədər uzanacaq boru kəmərinin layihələndirilməsini həyata keçirir. Hazırda layihənin iqtisadi səmərəliliyi qiymətləndiriləcək. Hindistan eyni zamanda neft və qaz yataqlarının kəşfiyyatına təxminən 9 milyard dollar vəsait ayırmağı planlaşdırır. Əsas məqsəd enerji idxalından asılılığı azaltmaqdır. Hazırda ölkə xam neft istehlakının təxminən 90 faizini idxal edir. Yeni proqram çərçivəsində hökumət şirkətlərə quyu qazma xərclərinin 50 faizədək hissəsini kompensasiya edəcək”.
Politoloqun sözlərinə görə, Yaponiya da Hindistan kimi enerji təhlükəsizliyi məsələsində yeni strategiya formalaşdırmağa başlayıb:
“Yaponiyanın xam neft ehtiyatları Hörmüz boğazında yaranan gərginlik fonunda əhəmiyyətli dərəcədə azalıb. Ölkə neft emalı zavodlarının fəaliyyətini davam etdirmək üçün 100 milyon barrel strateji neft ehtiyatını dövriyyəyə buraxmaq məcburiyyətində qalıb.
Halbuki Yaponiya əvvəllər neft tələbatının 90 faizdən çoxunu Yaxın Şərqdən təmin edirdi. Mövcud vəziyyət Tokioya Yaxın Şərqdən enerji tədarükündən asılılığı azaltmaq qərarı verməyə vadar edib.
Yaponiya ABŞ-dan neft alışının həcmini artırıb. Bundan əlavə, Yaponiya tarixində ilk dəfə may ayında Azərbaycandan neft alıb. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanla Yaponiya arasında əməkdaşlığın daha da genişlənməsi mümkündür”.
Arzuman Muradlı qeyd edib ki, Yaponiya enerji böhranının qonşu ölkələrə təsirlərini azaltmaq üçün də addımlar atır:
“Yaponiya yanacaq böhranı ilə üzləşən qonşu ölkələrə yardım göstərmək qərarına gəlib. Baş nazir Sanae Takaiçi Asiya liderləri ilə keçirilən onlayn görüşdən sonra ölkəsinin regionda enerji böhranının təsirlərinin azaldılması məqsədilə Asiya ölkələrinə 10 milyard dollar maliyyə dəstəyi ayıracağını açıqlayıb.
Bu vəsait Cənub-Şərqi Asiya ölkələrinin xam neft və digər enerji resursları ilə təmin olunmasına yönəldiləcək. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ayrılacaq vəsait ASEAN ölkələrinin təxminən bir illik xam neft idxalına bərabərdir.
Enerji böhranının miqyasını Filippində yaranmış vəziyyət də göstərir. Ölkədə yanacaq təchizatındakı problemlər hökuməti fövqəladə vəziyyət elan etməyə məcbur edib.
Bütün bunlar göstərir ki, Hörmüz boğazında yaranan hər bir gərginlik yalnız İran və ABŞ arasında münasibətlərə deyil, qlobal enerji bazarına və ayrı-ayrı ölkələrin enerji təhlükəsizliyinə birbaşa təsir edir. Bu səbəbdən böyük enerji idxalçıları alternativ mənbə və marşrutların yaradılmasını artıq strateji məsələ kimi qiymətləndirirlər”.





















