Politoloq Arzuman Muradlı ABŞ prezidenti Donald Trampın İranla bağlı son açıqlamalarını şərh edərək bildirib ki, bölgədə hərbi qarşıdurma ehtimalı getdikcə artır.
“Trampın gecə saatlarında etdiyi çıxışda İrana qarşı mümkün hücumun artıq qaçılmaz olduğuna dair mesajlar verməsi, yaxın zamanda ya ABŞ və İsrailin İrana zərbə endirəcəyini, ya da tərəflərin müəyyən razılığa gələcəyini göstərir.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, İran tərəfi də bu gün yaydığı açıqlamada ABŞ-a son təkliflərini təqdim etdiyini bəyan edib. Lakin mövcud vəziyyət göstərir ki, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.
“Reallıq onu deməyə əsas verir ki, müharibə ehtimalı artıq çox yüksəkdir. İran geri addım atmaq və güzəştə getmək istəmir, öz prinsiplərinə sadiq qalır. ABŞ isə təzyiq siyasətini davam etdirir”, – deyə Arzuman Muradlı bildirib.
Politoloqun fikrincə, mümkün hərbi qarşıdurma region üçün olduqca təhlükəli nəticələr yarada bilər. O vurğulayıb ki, bölgədə sabitliyin qorunması bütün region ölkələri üçün vacibdir.
“Biz bölgədə sülhün bərqərar olmasını arzulayırıq. Çünki hər hansı savaş müəyyən mənada bizə də təsirsiz ötüşmür. Həmçinin İranın cənub bölgəsində yaşayan soydaşlarımızın taleyi də bizi ciddi şəkildə narahat edir”, – deyə politoloq əlavə edib.





















