image-media-1-3x5neipm7ha41cktsv0jbackend

Politoloq: Müharibə artıq Kremlin qapısına dayanıb, qarşıdakı aylar daha gərgin keçəcək

image-ads-728x90

“Rusiya-Ukrayna müharibəsinin gedişatı fonunda son günlər baş verən hadisələr Moskva üçün təhlükəsizlik risklərinin artdığını göstərir.”-  Bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Onun sözlərinə görə, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr göstərir ki, müharibə artıq cəbhə xəttindən kənara çıxaraq Rusiyanın strateji ərazilərinə qədər uzanıb.

“Rusiya anlamalıdır ki, bu zərbələr gec-tez Moskvaya da dəyəcək. Son hadisələr bunu bir daha nümayiş etdirir. Bu günlərdə Rusiya prezidentinin Valdaydakı rezidensiyasından təxminən 15 kilometr məsafədə Rusiyanın ən müasir döyüş təyyarələrindən biri hesab edilən Su-57 qırıcısının qəzaya uğraması ciddi suallar doğurur. Hazırda təyyarənin Ukrayna tərəfindən vurulduğu, yoxsa Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən məhv edildiyi barədə müxtəlif versiyalar müzakirə olunur”, – deyə politoloq bildirib.

Arzuman Muradlının sözlərinə görə, bu hadisə ilə bağlı daha fərqli ehtimallar da irəli sürülür.

“Hətta ilk baxışdan fantastik görünən belə bir versiya da var ki, Ukrayna Rusiyanın hava hücumundan müdafiə sistemlərinin müəyyən idarəetmə və ya tanınma kodlarını əldə edib. Bu iddianın təsdiqi yoxdur və müxtəlif ehtimallar səsləndirilir. Lakin dəyişməyən fakt ondan ibarətdir ki, Su-57 təyyarəsi Putinin Valdaydakı iqamətgahının yaxınlığında qəzaya uğrayıb. Bu isə təhlükənin artıq Rusiyanın siyasi rəhbərliyinə yaxın ərazilərə qədər çatdığını göstərən ciddi siqnaldır”, – o qeyd edib.

Politoloq hesab edir ki, qarşıdakı 2–3 ay müharibənin ən gərgin mərhələlərindən biri ola bilər.

“Önümüzdəki aylarda həm cəbhə xəttində, həm də qarşılıqlı uzaqmənzilli zərbələrin intensivliyində artım müşahidə oluna bilər. Bu səbəbdən vəziyyətin daha gərgin və faciəvi xarakter alacağı ehtimalı yüksəkdir”, – deyə o vurğulayıb.

Krımdakı vəziyyətə də toxunan Arzuman Muradlı bildirib ki, yarımadada logistika və təminat problemləri getdikcə dərinləşir.

“Krımda elektrik, su, yanacaq və ərzaq təminatı ilə bağlı çətinliklər müşahidə olunur. Eyni zamanda yolların böyük hissəsi Ukrayna qüvvələrinin atəş nəzarəti altındadır. Ukrayna pilotsuz uçuş aparatları bölməsinin komandiri ‘Macar’ ləqəbli Robert Brovdinin də dediyi kimi, Kerç körpüsünün tamamilə sıradan çıxarılmamasının səbəblərindən biri mülki əhalinin yarımadanı tərk etməsinə imkan yaratmaq ola bilər”, – deyə o bildirib.

Cəbhə xəttindəki vəziyyəti dəyərləndirən politoloq qeyd edib ki, hazırda genişmiqyaslı quru əməliyyatları müşahidə olunmasa da, döyüşlər yüksək intensivliklə davam edir.

“Vəziyyət ağır olsa da, nisbətən sabitdir. Elə 10–20 kilometrlik ‘boz zonalar’ var ki, burada tərəflərin mövqeləri bir-birinin arxasına keçdiyindən cəbhə xəttini dəqiq müəyyən etmək mümkün deyil. Bu ərazilər faktiki olaraq davamlı döyüşlərin getdiyi mürəkkəb əməliyyat məkanına çevrilib”, – deyə Arzuman Muradlı əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki