“ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasəti və mümkün müharibə ssenariləri ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, rəsmi Vaşinqton artıq qarşıya qoyduğu hədəflərə tam nail ola bilmədiyi üçün münaqişəni sonlandırmaq variantlarını nəzərdən keçirir.
“Müharibənin bitməsi üçün tərəflərin danışıqlar masasına əyləşməsi vacibdir, lakin hazırkı şəraitdə bu, real görünmür. ABŞ-ın həyata keçirdiyi raket zərbələri İranın uranı zənginləşdirmə imkanlarını müəyyən qədər məhdudlaşdırsa da, əsas məqsəd sayılan hakimiyyət dəyişikliyi baş tutmayıb. Yalnız hava hücumları ilə belə nəticəyə nail olmaq əvvəldən çətin hesab olunurdu. Donald Trampın planlaşdırdığı Çin səfərinin də bu proseslə əlaqəsi var. ABŞ prezidenti münaqişəni yekunlaşdırmadan Pekinə getmək istəmir və səfərin mayın 14-nə planlaşdırılması müharibənin həmin tarixə qədər başa çatdırılması niyyətindən xəbər verir. “- deyə Arzuman Muradlı bildirib.
Politoloq həmçinin vurğulayır ki, Çin uzun illərdir Yaxın Şərqdə mövqelərini əsasən iqtisadi layihələr və investisiyalar vasitəsilə gücləndirməyə çalışıb.
“İran Çin üçün yalnız enerji mənbəyi deyil, həm də mühüm geosiyasi qovşaqdır. Ölkənin coğrafi mövqeyi onu əsas ticarət və nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdirir və bu da Pekinin strateji planlarında xüsusi yer tutur. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Çinin regionda qurduğu balansı ciddi şəkildə sarsıdır. Fars körfəzində qeyri-sabitlik Pekinin enerji və ticarət maraqlarına birbaşa təsir göstərir.Eyni zamanda qeyd olunur ki, münaqişə zamanı Çinin İrana satdığı bəzi hərbi texnikanın məhv edilməsi Pekinin hərbi imicinə də mənfi təsir edib. Buna baxmayaraq, müharibədən sonra İranın yenidən silahlanma ehtiyacının artacağı və bu səbəbdən Moskva və Pekinlə əməkdaşlığın davam edəcəyi ehtimal olunur.Mövcud vəziyyət yalnız regional deyil, qlobal güclər arasında balansın necə dəyişəcəyini müəyyən edən əsas amillərdən birinə çevrilib.”- deyə poltoloq bildirib.





















