“Ermənistanın Baş naziri Nikol Paşinyanın son dövrlərdə Zəngəzur bölgəsinə etdiyi səfərlər və bu istiqamətdə nümayiş etdirdiyi fəallıq siyasi dairələrdə müxtəlif müzakirələrə səbəb olub.”– bu fikirləri Korrekt.az-a açıqlamasında politoloq Arzuman Muradlı səsləndirib.
Politoloqun sözlərinə görə, əgər Paşinyan həqiqətən Ermənistanın xarici siyasət kursunu Rusiyadan uzaqlaşdıraraq Qərbə yönəltmək niyyətindədirsə, bunun praktik addımları tamamilə fərqli olmalıdır.
“Əgər o, Ermənistanı Rusiyadan qoparıb Qərbə aparmaq istəyirsə, niyə Ermənistanın yeni geosiyasi prioritetlərini simvolizə etmək üçün Ermənistan–Türkiyə sərhədi boyunca piyada gəzintilər etmir? Niyə əvəzində mübahisəli Zəngəzur bölgəsində siyasi nümayiş xarakteri daşıyan səfərlər həyata keçirir? Üstəlik, niyə məhz 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının hələ də tam icra olunmamış 9-cu bəndinin – Zəngəzur dəhlizi ilə bağlı öhdəliyin aid olduğu ərazidə bu qədər fəaldır?” – deyə Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, 9-cu bəndin icrasına mane olan əsas amillərdən biri Rusiyanın bölgədəki maraqlarıdır.





















