“Rusiya hakimiyyəti üçün Ukraynadakı müharibədən çıxmaq da, onu davam etdirmək də mürəkkəb seçim qarşısında qalmaq deməkdir.”- bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq bildirib ki, müharibənin dayandırılması Rusiya hakimiyyəti üçün daxili siyasi risklər yarada bilər.
“Əgər müharibənin nəticələrini cəmiyyətə qələbə kimi təqdim etmək mümkün olmasa, ölkə daxilində ciddi narazılıqlar və siyasi proseslər baş verə bilər. Tarixi nümunələr də göstərir ki, uğursuz müharibələrin nəticələri hakimiyyətlər üçün ağır nəticələr doğura bilər. Müharibənin davam etdirilməsi də Rusiya üçün artan təhlükələr yaradır.”– deyə Arzuman Muradlı bildirib.
O bildirib ki, Ukraynanın müasir silah imkanları genişlənir, Rusiya ərazisində strateji obyektlərə zərbələr endirilir və artan hərbi xərclər ölkə iqtisadiyyatına əlavə təzyiq göstərir.
Politoloqun sözlərinə görə, Ukraynanın hazırda atəşkəs üçün qəbul edə biləcəyi şərtlər gələcəkdə dəyişə bilər və daha sərt mövqelə çevrilə bilər. Bu isə müharibənin nəticələrinin Rusiya üçün daha ağır ola biləcəyi ehtimalını artırır.
Arzuman Muradlı hesab edir ki, nəticədə sağlam düşüncə üstün gələcək və Rusiya daha az riskli variantı seçərək müharibənin dayandırılması istiqamətində addım atacaq.





















