ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri regionun geosiyasi mənzərəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, səfər ABŞ administrasiyasının Türkiyə ilə müttəfiqlik münasibətlərinə verdiyi önəmi bir daha nümayiş etdirir.
“Donald Trampın Türkiyəyə səfəri region üçün olduqca əhəmiyyətlidir. Bu səfər Tramp administrasiyasının və ümumilikdə rəsmi Vaşinqtonun Türkiyənin müttəfiqliyinə verdiyi dəyərin bariz nümunəsidir. Türkiyə hazırda NATO-nun ən güclü hərbi potensiala malik üzv dövlətlərindən biridir və Alyans daxilində xüsusi çəkiyə sahibdir”, – deyə Arzuman Muradlı bildirib.
O qeyd edib ki, mövcud beynəlxalq şəraitdə NATO üzvü olan ölkələr Türkiyəni əsas güc mərkəzlərindən biri kimi qiymətləndirirlər.
“Donald Tramp səfəri çərçivəsində bunu bir daha bəyan etdi. NATO-nun baş katibinin də Türkiyəni Alyansın ‘vuran qolu’ kimi xarakterizə etməsi təsadüfi deyil. Bu, Türkiyənin həm hərbi potensialının, həm də NATO-nun təhlükəsizlik sistemində oynadığı mühüm rolun beynəlxalq səviyyədə qəbul edildiyini göstərir”, – deyə politoloq vurğulayıb.
Arzuman Muradlı hesab edir ki, Vaşinqton-Ankara münasibətlərində müşahidə olunan bu dinamika regionun təhlükəsizlik arxitekturasına və NATO daxilində qüvvələr balansına da öz təsirini göstərəcək.




















