” Ukrayna tədricən regionda güc mərkəzinə çevrilməkdədir və bunu, xüsusilə, müasir silahların döyüş şəraitində uğurlu tətbiqi ilə izah etmək olar. Son günlər Türkiyə, Suriya və Ukrayna arasında aparılan danışıqlar da bu reallığın göstəricisidir.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Yaxın Şərqdə artan gərginliyə baxmayaraq, Rusiya-Ukrayna müharibəsi fonunda ciddi dəyişiklik müşahidə olunmur: Rusiya işğal ərazilərini genişləndirməyə çalışır, Ukrayna isə müqavimət imkanlarını gücləndirir. Bununla yanaşı, Kiyev diplomatik fəallığını da davam etdirir və yalnız ABŞ və Avropa ilə deyil, Avrasiya məkanında, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də əlaqələrini genişləndirir.
“Bu kontekstdə Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 4-də Ankaraya səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, qaz infrastrukturu layihələri və enerji yataqlarının birgə işlənməsi kimi məsələlər müzakirə olunub. Zelenskinin daha sonra Türkiyə Prezidentinin təyyarəsi ilə Dəməşqə getməsi və burada üçtərəfli Ukrayna–Suriya–Türkiyə formatında görüş keçirməsi də diqqət çəkən məqam kimi qiymətləndirilir. Görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi əsas müzakirə mövzuları olub.”- deyə Arzuman Muradlı əlavə edib.
Politoloq əlavə edib ki, Zelenski Türkiyə və Suriyada görüşlər keçirdiyi vaxt onun komandasının digər üzvləri Avrasiya regionunun müxtəlif ölkələrində fəal diplomatik təmaslar aparıblar. Xüsusilə, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun Qazaxıstan və Özbəkistana səfərləri diqqət çəkir.
Arzuman Muradlının sözlərinə görə, Kiyev bu ölkələrlə strateji əməkdaşlığı genişləndirməyə xüsusi önəm verir. Bunun əsas səbəblərindən biri Mərkəzi Asiya dövlətlərinin balanslaşdırılmış xarici siyasət yürütməsi, yəni həm Rusiya və Çin, həm də Qərb və digər tərəfdaşlarla paralel əməkdaşlığa açıq olmalarıdır. Digər mühüm amil isə türk dövlətləri arasında inteqrasiyanın güclənməsi və Türk Dövlətləri Təşkilatının regional gücə çevrilməsi perspektividir.
Sonda politoloq vurğulayıb ki, Ukrayna müharibədən sonrakı dövrdə yenidənqurma prosesində Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarını da nəzərdən keçirir. Bu isə Kiyevin Avrasiya regionunun enerji və nəqliyyat layihələrində aktiv iştirak etmək niyyətində olduğunu göstərir.





















