Siyasi analitik bildirib ki, Kreml rəhbərinin yanlış siyasəti keçmiş SSRİ ölkələrini Rusiyadan uzaqlaşdırıraraq yeni güc mərkəzlərinə yaxınlaşdırıb
Xəbər verdiyimiz kimi, Moldova MDB-dən çıxmaqda bağlı prosedurlara başlayır. Musavat.com xəbər verir ki, Moldova yaxın gələcəkdə üç fundamental sənədi ləğv etməyi planlaşdırır: MDB Nizamnaməsi, Birliyin yaradılması haqqında müqavilə və onun əlavəsi.
Parlament səsverməsi fevralın sonu və ya martın əvvəlində keçiriləcək. Daha sonra ləğv Moldova Prezidenti tərəfindən təsdiqlənəcək, bundan sonra Xarici İşlər Nazirliyi rəsmi geri çəkilmə notası verəcək. Bütün prosedur bir il ərzində başa çatacaq.
Yada salaq ki, Gürcüstan 2008-ci ilin avqust müharibəsindən sonra MDB-ni tərk edib və 2009-cu ildə bu qərar rəsmən qüvvəyə minib. Ukrayna isə MDB-nin təsis sənədlərini heç vaxt ratifikasiya etməsə də, 2014-cü ildən sonra Birliyin strukturlarında iştirakını faktiki olaraq dayandırıb və sonrakı illərdə MDB çərçivəsində bir sıra sazişlərdən çıxıb. Rusiyalı siyasi analitik, tarix elmləri doktoru Ruslan Şevçenko bildirib ki, Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Moskvanın imperiya ambisiyaları postsovet məkanında münasibətləri kəskinləşdirib və bu, keçmiş SSRİ ölkələrinin Rusiyadan uzaqlaşaraq yeni güc mərkəzlərinə yaxınlaşmasını sürətləndirib. Onun fikrincə, Rusiyanın Azərbaycanda və digər regionlarda separatizmi dəstəkləməsi, xüsusilə 2022-ci ildə Ukraynaya qarşı başladığı müharibə bu prosesi daha da dərinləşdirib. Politoloq xatırladıb ki, MDB SSRİ dağıldıqdan sonra keçid mexanizmi kimi yaradılmışdı və ilk illərdə iqtisadi əlaqələr əsasən keçmiş sovet respublikaları arasında qurulduğuna görə bu qurum müəyyən müsbət rol oynayıb. 1991–1994-cü illərdə imzalanmış ticarət sazişləri ölkələrə malları və resursları nisbətən ucuz əldə etməyə imkan verirdi ki, bu da iqtisadi transformasiya dövründə mühüm dəstək olub.
Lakin Şevçenkonun sözlərinə görə, sonrakı illərdə Kremlin siyasəti – ticarət müharibələri, siyasi təzyiqlər və sanksiyalar – MDB ölkələrinin Rusiyadan uzaqlaşmasını sürətləndirib. O qeyd edib ki, artıq iqtisadi göstəricilər də bu tendensiyanı təsdiqləyir: 2025-ci ilin natamam məlumatlarına görə MDB ölkələrinin Azərbaycanın ixracında payı cəmi 6,95 %, idxalında isə 24,34 % təşkil edir. Bu isə, onun fikrincə, Azərbaycanın gələcəkdə təşkilatdan iqtisadi baxımdan ciddi itki olmadan çıxması üçün ilkin şərtlərin formalaşdığını göstərir.
Ekspert hesab edir ki, Moskvanın hazırkı kursu davam edərsə, Rusiya postsovet məkanındakı təsir imkanlarını daha da itirə bilər və region dövlətləri alternativ tərəfdaşlara yönələcək. Onun qənaətincə, bu proses uzunmüddətli perspektivdə Türkiyənin regional rolunun güclənməsi ilə nəticələnə bilər və Türkiyə ilə strateji əlaqələri olan Azərbaycan üçün bu, iqtisadi və siyasi baxımdan əlavə imkanlar yarada bilər.
Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, MDB formal mövcuddur: “Bu təşkilat keçmiş sovet məkanına nəzarət üçün yaradılmışdı. Rusiya uzun illər Cənubi Qafqaza və Orta Asiyaya həm də MDB üzərindən dominantlıq edib. İndi isə Ukraynadakı müharibə MDB-nin gələcəyini sual altına qoyub. Faktiki Ukrayna və Moldova burada yoxdur, Azərbaycan isə təyyarə hadisəsindən sonra axırıncı iki iclasda iştirak etməyib. Gürcüstan da məlum məsələdir ki, Rusiyanın işğalçı siyasəti ucbatından MDB-də iştirak etmir, qalır Ermənistan. Ermənistan isə Paşinyanın dövründə Rusiyadan uzaqlaşmaq xəttini götürüb. Bu da onun gələcəkdə MDB sammitlərinə qatılmaması ehtimalını artırır. Beləliklə, Cənubi Qafqaz ölkələri demək olar ki, MDB-də yoxdur”.
Deputat qeyd edib ki, Rusiya zəiflədikcə MDB de-yure dağıla bilər: “Bu təşkilatın hər hansı perspektivi də qalmayıb. Artıq Mərkəzi Asiya dövlətləri Avropa İttifaqı ilə əlaqələri gücləndirir, ABŞ regionda təsirini artırır, nəticədə bu ölkələr yeni tərəfdaşlar əldə etməklə Moskvadan asılılığı azaldırlar. Fikrimcə, Moskva düşdüyü bataqlıqdan geriyə dönüş edə bilməyəcək. Azərbaycan isə hələlik Rusiyadan bəzi addımlar gözləyir. İlk növbədə təyyarə ilə bağlı tələbimiz yerinə yetirilməlidir. Əgər Rusiya münasibətləri belə davam etdirərsə, Azərbaycan MDB-də qalıb-qalmamaq məsələsinə baxa bilər”.
Qeyd edək ki, keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik 1991-ci ilin 8 dekabrında yaradılıb. 1991-ci ilin bu günündə qurulan MDB-yə ilkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belarus daxil idi. Bu dövlətlər SSRİ-nin dağılmasının (faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayaraq, öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün Müstəqil Dövlətlər Birliyini təşkil etdilər. MDB həm də SSRİ-nin “mədəni dağılmasını” bəyan etmək, onun mülklərini keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.
Daha sonra Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci il tarixində Almatıda Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin 24 sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. Ukrayna 2014-cü ilin mart ayında Rusiya ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.Musavat.com





















