“Azərbaycan son illər ərzində iqtisadi gücünə görə Cənubi Qafqazın ən güclü dövlətlərindən birinə çevrilib.” – bu fikirləri Korrekt.az sayına açıqlamasında İqtisad Elmləri üzrə fəlsəfə doktoru, ekspert Arzuman Muradlı bildirib .
Arzuman Muradlı bildirib ki, Qarabağ regionu vaxtilə ermənilər tərəfindən dağıdılmış olsa da, bu gün Azərbaycanın iqtisadi gücü və dövlət siyasəti sayəsində yenidən gözəlliklər diyarına çevrilir.
“Yalnız son dörd il ərzində Azərbaycan bu torpaqlarda ciddi bərpa və infrastruktur işləri həyata keçirib və yerlə-yeksan edilmiş şəhərləri yenidən istifadəyə verib. Qarabağ iqtisadi rayonunun ən böyük rayonlarından biri olan Ağdam ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Bu gün isə Azərbaycan dövlətinin dəstəyi ilə Ağdamda tamamilə yeni şəhər salınır və burada müasir infrastruktur, yaşayış binaları, məktəblər və sosial obyektlər tikilir. Eyni zamanda regionun digər rayonları – Füzuli, Cəbrayıl və Kəlbəcər – daimi inşaat və tikinti işləri ilə diqqət çəkir. Hər bir kənd, qəsəbə və şəhər planlı şəkildə, müasir standartlara uyğun inşa edilir. Bu, dövlətimizin iqtisadi qüdrətindən xəbər verir. Azərbaycan iqtisadi resurslarını işə salaraq Qarabağda ən müasir kəndlər və şəhərlər inşa edir. Bütün bu işlər regionun sosial-iqtisadi inkişafına, həmçinin insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edir,” – deyə Arzuman Muradlı bildirib.
Ekspert əlavə edib ki, bu infrastruktur layihələri yalnız yeni yaşayış məntəqələrinin yaradılmasına deyil, həm də bölgənin ümumi inkişafına, təhsil, səhiyyə, nəqliyyat və kommunikasiya sahələrinin yenilənməsinə töhfə verir. Azərbaycan hökuməti regionun iqtisadi potensialını maksimum dərəcədə işə salaraq Qarabağın uzunmüddətli inkişafını təmin etməyə çalışır.
Arzuman Muradlı qeyd edib ki, Qarabağda aparılan tikinti işləri həm də bölgənin tarixi və mədəni irsini qorumağa xidmət edir.
“Hər bir layihə planlaşdırılarkən, yerli memarlıq üslubu və tarixi dəyərlər nəzərə alınır. Bu da yeni infrastrukturun bölgənin keçmiş tarixi ilə harmonik şəkildə birləşməsini təmin edir. Qarabağ yalnız gözəlliklər diyarına çevrilmir, eyni zamanda sosial-iqtisadi baxımdan güclənir və regionun gələcək inkişafı üçün möhkəm baza yaradılır.” -deyə Arzuman Muradlı əlavə edib.





















