image-1backend

Qubadakı faciədən sonra vacib sual: Hamilə qadını öldürən antibiotik olub, yoxsa…

image-ads-728x90

Hamilə vəziyyətində olan 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın iyulun 14-də ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilməsi, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özünün və bətnindəki dölün ölməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan bildirilib. “Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq”,-deyə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən qeyd edilib.

Həkim-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Səbəbini dəqiq bilmədiyimiz bir ölüm hadisəsi haqqında danışmaq doğru olmaz, bəlkə də həmin xəstə iynədən ölməyib. Ümumiyyətlə, o iynənin bədənə necə təsir etdiyini, daxil edilən dərmanın orqanizmdə hansı reaksiyaya səbəb olduğunu bilmədən fikir yürütmək çətindir. İnsan sadəcə bir iynəyə görə niyə ölsün ki? Əgər hadisənin sırf iynə ilə bağlılığı sübut olunarsa, ilk ağıla gələn təbii ki, antibiotikdən sonra yarana biləcək allergik anafilaktik reaksiya və ya anafilaktik şokdur.

Lakin mən burada diqqəti tamamilə başqa, daha vacib bir məqama çəkmək istəyirəm. Hələ Hippokratın dövründən həkimliyin qızıl qaydası, bir növ müstəqillik bəyannaməsi sayılan məşhur bir atalar sözü var: “Primum non nocere”, yəni “Öncə zərər vermə”. Bu prinsipin müasir tibdəki formulu belədir, xəstəyə hər hansı bir müayinə yaxud diaqnostik prosedur tətbiq etsən də, tabletka və ya iynə şəklində dərman təyin etsən də, yaxud onu əməliyyata götürsən də – bunun mütləq şəkildə əsaslı bir səbəbi, yəni tibbi dildə desək, göstərişi olmalıdır.

Xüsusilə də söhbət antibiotik müalicəsindən gedirsə, bu qaydaya daha ciddi riayət edilməlidir. Bu gün bütün dünyada lüzumsuz antibiotik müalicəsinə qarşı böyük bir elmi kampaniya aparılır ki, əsassız yerə bu preparatlardan istifadə olunmasın. Çünki bunun orqanizmə çoxsaylı ziyanları var. Bura dərmanların əks təsirlərindən və anafilaktik reaksiyalardan tutmuş, ən qorxulusu olan mikrob dirəncinə (antibiotik rezistentliyinə) qədər bir çox fəsadlar daxildir”.

Həkim əlavə edib ki, hamiləlik isə onsuz da fiziki və təbii bir proses olsa da, özlüyündə kifayət qədər riskli bir vəziyyətdir: “Sadə dillə desək, biz hamilə qadına qarşı hər zaman ikiqat ehtiyatlı və həssas olmalıyıq. Amma təəssüf ki, bu gün istər hamiləliyi idarə edən mama-ginekoloqlar arasında, istərsə də digər ixtisas həkimlərində fərqli bir mənzərə görürük. Hamilə qadınlara qarşı lüzumsuz müayinələrin və əsassız antibiotik müalicələrinin təyin edilməsinin tez-tez şahidi oluruq.

Hamilə qadında yaranan hər hansı bir vəziyyəti dərhal infeksiya zənn edirlər. Qızdırma bir az yüksələn kimi, qanda leykositlərin sayı azca artan və ya eritrositlərin çökmə sürəti (EÇS) sürətlənən kimi dərhal antibiotik təyin edirlər. “Sidik analizində mikrob çıxdı”, “Qan analizində leykosit yüksəkdir”, “Uşaqlıq yolundan götürülən yaxmada filan şey tapıldı” deyərək hamilələrə əsassız iynə-dərman yazırlar. Mən bir mütəxəssis və hamiləlik idarə edən həkim kimi bu məsələdə maksimum dərəcədə ehtiyatlı olmağın, lazımsız müayinə və müalicələrdən qaçmağın tərəfdarıyam.

Bu bədbəxt hadisədən yola çıxaraq məhz bu qlobal problemi vurğulamaq istədim. Lakin sırf baş vermiş bu konkret hadisəyə gəlincə, rəsmi bir araşdırma aparılmadan hansısa şərh verməkdən çəkinirəm. Çünki əlimizdə rəsmi tibbi ekspertiza rəyi olmadan kimisə günahlandırmağa ixtiyarımız yoxdur”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki