Goranboy rayonunda 21 yaşlı oğlan yetkinlik yaşına çatmayan qıza qarşı intim hərəkətlər etməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Daşkəsən rayon sakini, 2005-ci il təvəllüdlü Elxan ötən ilin avqustun 23-də, gecə saat 02 radələrində Goranboy rayonunda dostunun yaşadığı evin həyətyanı sahəsində Xumar (adlar şərtidir – red.) ilə cinsi əlaqədə olub, ona qarşı digər seksual xarakterli hərəkətlər edib.
Elxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən bir il əvvəl “TikTok” sosial şəbəkəsində canlı yayım açarkən Xəyalənin qızı Xumar onun canlısına daxil olaraq onu izləməyə başlayıb:
“Mən də qarşılıqlı olaraq dostluq təklifi göndərdim və həmin vaxtdan yazışmağa başladıq. Xumar özünü Nərmin adı ilə təqdim etmişdi. Təxminən bir ay sonra aramızda sevgi münasibətləri yarandı. Biz dəfələrlə görüntülü danışsaq da, heç vaxt şəxsən görüşmədik”.
Təqsirləndirilən şəxs deyib ki, təxminən intim münasibətdə olduqları vaxtdan üç həftə əvvəl Xumar ona evdən qaçmaq istədiyini yazıb:
“Mən isə bunun səbəbini soruşdum. O, valideynlərinin ona təzyiq etdiyini bildirdi. Mən də ona qaçmamağı, hər şeyin düzələcəyini, ayın sonunda elçi göndərərək ailəsindən onu istəyəcəyimi dedim. İki gün sonra Xumar mənim kontakt siyahımda başqa qız nömrələri olduğunu biləndə aramızda mübahisə yarandı. Mən Xumarı “WhatsApp”da blok etdim”.
Elxanın sözlərinə görə, daha sonra Xumar “Instagram” və “TikTok”da ona yazmağa davam edib:
“Mən isə Xumarı “TikTok”da da blok etdim. Bir qədər sonra “Instagram”da bir nəfər yazaraq guya Xumarın rəfiqəsi olduğunu, Xumarın intihar etmək istədiyini və mənə salam göndərdiyini bildirdi. Həmin şəxsə cavabımda özümü Elxanın dostu kimi təqdim etdim, gələndə ona xəbər verəcəyimi yazdım. Daha sonra həmin şəxs mənə Xumarın intihardan əvvəl məktub yazdığını və orada mənim adımı qeyd etdiyini bildirdi. Bundan sonra Xumarı “WhatsApp”da blokdan çıxararaq niyə intihar etmək istədiyini və niyə məktubda adımı yazdığını soruşdum. O, “mənim səndən xoşum gəlir, sən məni sevməsən də olar, amma mən səni sevirəm” cavabını verdi. Mən isə Xumara azyaşlı olduğunu, aramızda münasibət ola bilməyəcəyini, əgər dost kimi əlaqə saxlamaq istəyirsə, bu formada davam edə biləcəyimizi bildirdim. Bundan sonra yalnız dost kimi əlaqə saxladıq”.
Elxan qeyd edib ki, 22 avqust 2025-ci il tarixdə, axşam saatlarında Xumar ona zəng edib və evdən qaçmaq istədiyini deyib:
“Mən isə qaçmamağı məsləhət gördüm. Lakin həmin gün, saat 23 radələrində Xumar yad bir nömrədən zəng edərək evdən qaçdığını və Gəncədə Bayraq meydanına gəldiyini dedi. Mən Bayraq meydanına getdim. Mağazanın qarşısında Xumar və onun bacısı İlhamə ilə görüşdüm. Birlikdə bulvara, sonra Sabir küçəsinə getdik. Oradan Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində yaşayan dostum Əfsuna zəng etdim, iki qızın evdən qaçdığını, onlarla bir gecə qalmaq istədiyimi bildirdim. O isə evin boş olduğunu dedi. Təxminən 15-20 dəqiqə sonra Əfsun taksi ilə gələrək yanımıza çatdı. Sonra Dəliməmmədliyə getdik”.
Elxanın sözlərinə görə, avqustun 23-də, gecə saat 01 radələrində onlar Dəliməmmədliyə, Əfsunun evinə çatıblar:
“Evdə heç kim olmadığı üçün həyətdə oturduq. Mən Əfsuna Xumarı qaçırdığımı dedim. O isə bacısının niyə gəldiyini soruşdu. Xumarın da qorxduğuna görə bacısı ilə birlikdə gəldiyini bildirdim. Daha sonra həyətə çıxaraq Xumarı yanıma çağırdım və onunla tənha qalaraq söhbət etdik. Orada Xumara cinsi əlaqədə olmağı təklif etdim. O da buna razılıq verdi. Biz həyətdə ot tayalarının yanında təbii yolla əlaqədə olduq. Əlaqədən sonra onun bakirəliyinin pozulduğunu başa düşdüm. Daha sonra həyətə qayıdaraq Əfsun və İlhamə ilə oturduq”.
Elxan qeyd edib ki, avqustun 23-də, səhər saat 09 radələrində qardaşı Elşənə zəng edib və onu Əfsungilə çağırıb:
“Elşən gəldikdən sonra ona baş verənləri danışdım, Xumarı qaçırdığımı və cinsi əlaqədə olduğumu etiraf etdim. Sonra birlikdə taksi ilə Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşadığım evə qayıtdım. Evdə baş verənləri anama danışdım. Anam isə atama xəbər verdi. Atam işdən evə qayıtdıqda baş verənlər barədə məlumat aldım. Əmim Afiq qızlardan valideynlərinin nömrəsini istədi, lakin onlar vermək istəmədilər. Əmim nömrəni öyrənərək Xumarın atasına zəng etdi və qızların bizdə olduğunu, narahat olmamağı, tezliklə geri qaytarılacaqlarını dedi. Xumarın atası isə qızları itkin kimi polisə verdiklərini bildirdi. Bundan sonra anam, atam və əmim ilə birlikdə Göygöl şəhərinə, Xumarın yaşadığı ünvana gedərək valideynlərlə danışdılar. Daha sonra qayıdaraq qızları götürərək polis şöbəsinə təhvil verdilər. Xumarın öz razılığı ilə könüllü olaraq evlənmək məqsədilə mənimlə qoşularaq qaçıb. Xumarı zorla qaçırmamışam. Həmçinin, Xumar ilə zorla cinsi əlaqədə olmamışam. Öz razılığı ilə əlaqədə olmuşam. Etdiyim əməldən peşmanam”.
Goranboy Rayon Məhkəməsinin hökmü ilə Elxan 1 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.





















