“Regionda sabitlik təmin olunmadan iqtisadi yüksəlişdən danışmaq mümkün deyil. Regionun sabitliyi hələ də tam təmin edilməyib və gərginlik davam edir.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə sülhün mümkün olacağını bəyan etsə də, bölgədə vəziyyət hələ də gərgin olaraq qalır. Arzuman Muradlının sözlərinə görə, son gecə ərzində gərginlik daha da artıb və İranla ABŞ arasında qarşılıqlı raket zərbələri endirilib.
Arzuman Muradlı hesab edir ki, baş verənlər genişmiqyaslı müharibənin başlanğıcı deyil, tərəflərin bir-birinin imkanlarını və reaksiyasını yoxlamaq cəhdidir.
“Yaxın günlərdə düşünürəm ki, hər iki ölkə arasında müəyyən razılaşma əldə olunacaq. Bu razılaşmanın müxtəlif variantları mümkündür. Lakin hesab edirəm ki, sonda İran özünün istədiyi razılaşmaya nail olacaq. ABŞ regiondan kifayət qədər uzaqdadır. İsrail isə ABŞ-ın dəstəyi olmadan uzunmüddətli müharibə aparmaq gücündə deyil. Bundan əlavə, hazırda İranın əlində dünya iqtisadiyyatına təsir göstərə biləcək mühüm rıçaqlar mövcuddur. Bunlardan biri də strateji boğazlara təsir imkanlarıdır”, – deyə politoloq bildirib.





















