image-1backend

Rusiya TRIPP layihəsində iştirak etmək istəyir – rusiyalı politoloq

image-ads-728x90

Rusiya TRIPP layihəsində iştirak etməkdə maraqlıdır.

Korrekt.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov sentyabrın 23-də Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Moskvanın hələ də TRIPP layihəsinin texniki detalları ilə bağlı müəyyən sualları var və ABŞ-ın bu məsələlərə lazımi diqqət ayırmağa hazır olub-olmadığı aydın deyil. Bununla belə, Rusiya layihədə iştirak etmək istəyir.

Kortunov qeyd edib ki, Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarlarından biridir və Cənubi Qafqazın nəqliyyat infrastrukturunda, o cümlədən dəmir yolu sistemində iştirak etməyə çalışır.

Politoloqun sözlərinə görə, “Şimal-Cənub” dəhlizinin qərb marşrutu Cənubi Qafqazdan keçir. Bu səbəbdən layihə Rusiya üçün yalnız regiondakı mövcudluğunu qorumaq məsələsi deyil, həm də ölkəni Cənubi Asiya ilə birləşdirən daha geniş tranzit maraqları baxımından əhəmiyyət daşıyır.

Kortunov Ermənistanın xarici siyasət prioritetləri ilə bağlı da fikirlərini bölüşüb. O bildirib ki, Moskva hesab edir ki, Ermənistan əhalisinin kifayət qədər böyük hissəsi ölkənin prioritetlərinin dəyişdirilməsi məsələsində tərəddüd edir. Politoloqun fikrincə, Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) ilə bağlı referendum Ermənistan cəmiyyətində Aİ-yə üzvlüklə bağlı yekdil mövqenin olmadığını göstərə bilər.

Ekspertin sözlərinə görə, Ermənistan Aİ-yə inteqrasiya istiqamətində irəliləsə, bundan ən çox kiçik bizneslər zərər çəkə bilər.

“Ermənistan, məsələn, çiçəklər və ya mineral su üçün başqa alıcılar axtarmalı ola bilər ki, bu da ağrılı prosesə çevrilə bilər”, – deyə Kortunov bildirib.

Rusiyalı politoloq Cənubi Qafqazda xarici oyunçuların rolunun artdığını da vurğulayıb. Onun sözlərinə görə, uzun müddət nisbətən qapalı olan region hazırda müxtəlif xarici aktorlar üçün daha açıq vəziyyətə gəlir.

“Uzun müddət Rusiya ən vacib və şübhəsiz ki, ən təsirli xarici oyunçu idi. İndi bu mövqeyə etiraz etmək olar. Düşünürəm ki, Moskva regionun müxtəlif təsirlərə açıq olacağını başa düşür”, – Kortunov deyib.

O əlavə edib ki, Rusiyanın mövqeyi regional problemlərin əsasən region ölkələrinin özləri tərəfindən həll edilməli olduğu istiqamətindədir. Bu baxımdan Moskva “3+3” regional əməkdaşlıq formatını daim önə çəkir.

Kortunov etiraf edib ki, “3+3” formatının praktikada həyata keçirilməsi kifayət qədər çətindir və indiyədək bu istiqamətdə əldə olunan nəticələr məhdud olub. Bununla belə, onun sözlərinə görə, Rusiya regional məsələlərdə region dövlətlərinin rolunun vacibliyini və xarici oyunçulara qarşı müəyyən balansın qorunmasını müdafiə etməkdə davam edəcək.

Politoloq Rusiyanın Ukraynadakı müharibəsinin Moskvanın postsovet məkanında, o cümlədən Cənubi Qafqazdakı mövqelərinə təsir etdiyini də bildirib.

Onun sözlərinə görə, Rusiya üçün regionda əvvəlki təsir və iştirak səviyyəsini qorumaq getdikcə çətinləşir.

Kortunov qeyd edib ki, bu baxımdan çox şey Rusiya-Ukrayna münaqişəsinin necə başa çatacağından və münaqişədən sonrakı dövrdə hansı proseslərin baş verəcəyindən asılı olacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki