“Rusiya işğalçılıq siyasətindən geri çəkilmir. Ukraynada dörd ildir davam edən müharibənin fonunda indi də Kremlin təbliğat ruporlarının Qazaxıstanı hədəfə alması bu ölkənin necə bir siyasət yürütdüyünün bariz nümunəsidir.”– bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada müharibənin dayanması ilə bağlı müəyyən işartılar görür və məhz buna görə yeni işğalçılıq planlarını gündəmə gətirir.
Politoloq hesab edir ki, bu, rus şovinist dairələrinin hansı aqressiv və təhlükəli siyasət apardıqlarını açıq şəkildə göstərir.
“Bu günlərdə Rusiyanın Ukraynaya qarşı başladığı işğalçı müharibənin dörd ili tamam olur. Onun sözlərinə görə, Vladimir Putin Kiyevi üç günə ələ keçirməyi planlaşdırsa da, Rusiya ordusu hələ də Donbas bölgəsində ciddi çətinliklərlə üzləşir. Politoloq bildirib ki, 1 milyon 200 minə yaxın canlı qüvvə və minlərlə texnika itkisinə baxmayaraq, Rusiya bu dörd il ərzində qarşıya qoyduğu əsas məqsədlərə nail ola bilməyib.Vladimir Putinin ölkə daxilində “hər şey plan üzrə gedir” kimi təbliğat aparmasına baxmayaraq, artıq müharibənin hərbi yolla həllinin mümkün olmadığı aydın görünür. Mövcud şəraitdə Kremlin diplomatik müstəvidə də – Donbas məsələsi istisna olmaqla – ciddi uğur qazanacağı şübhə altındadır. “– deyə Arzuman Muradlı bildirib.






















