Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl və dağıdıcı zərbələr ölkədə yanacaq qıtlığını kütləvi xaos həddinə çatdırıb. Artıq bəzi bölgələrdə yanacaq böhranı təkcə sıravi sürücüləri deyil, kənd təsərrüfatını, sosial xidmətləri, təcili tibbi yardımı və könüllü xilasedici dəstələri tamamilə iflic edib.
2026-cı ilin yaz və yay aylarında Ukrayna Rusiyanın enerji infrastrukturuna hücumlarını kəskin şəkildə intensivləşdirib. Hücumlar ölkənin ən böyük 10 neft emalı zavodunun hamısını əhatə edib və müəyyən dövrlərdə Rusiya özünün emal güclərinin dörddə birindən çoxundan məhrum olub.
İyul ayının ortalarına olan məlumata görə, ölkənin 50-dən çox regionunda benzinin satışı məhdudlaşdırılıb. Yerli hakimiyyət orqanları bir avtomobil üçün 20–30 litrlik limitlər, talon sistemi və xüsusi xidmət qrafikləri (cüt/tək dövlət nömrə nişanlarına görə) tətbiq edib. Ən kəskin narazılıq isə yanacağın qablara doldurulmasının qadağan edilməsindən sonra yaranıb.
Kənd yerlərində yaşayan əhali elektrik kəsintiləri zamanı generatorları işlədə, təsərrüfat məhsullarını saxlaya, ot biçə və hətta 30-40 kilometr uzaqlıqdakı aptek və xəstəxanalara gedə bilmir. Sosial şəbəkələrdə qubernatordarın səhifələri kəndilərin qəzəbli şərhləri ilə dolub.
“Biz kənddə yaşayırıq, nə mağaza var, nə aptek. Həftədə bir dəfə 30 km məsafədəki yanacaq doldurma məntəqəsinə (YDM) gedib çənə və kanistrlərə benzin vururduq ki, işıq sönəndə generatoru işlədək. İndi nə edək? Ocaqda yemək bişirək, məhsulu quyuda saxlayaq? Yoxsa otu əl orağı ilə biçək? Müdiriyyət öz xidməti maşınının pəncərəsindən başqa heç nə görmək istəmir!” – deyə Novqorod vilayətinin sakini narazılığını bildirir.
Qubernatorların “vəziyyəti anlayışla qarşılayın” çağırışlarına cavab olaraq sakinlər hökuməti xalqdan uzaq olmaqda və problemi həll edə bilməməkdə ittiham edirlər. Bəzi yerlərdə məmurlar insanlara lağlağı ilə “ata minməyi” və ya qədim əl dırmıqlarına (“litovka”) və ikiəlli mişarlara qayıtmağı məsləhət görürlər.
Təhlükəsizlik mülahizələrinə görə adını gizli saxlayan Novqorod sakini Alena bildirir ki, regionda 95 markalı benzin üçün 20 litrlik limit qoyulub. Lakin onun kimi fermerlər üçün bu, tam fəlakətdir: “Bu gülüncdür. Yanacaq doldurma məntəqəsinə gedib-qayıtmaq artıq 10 litr benzin aparır. Bəs təsərrüfat – traktor, motoblok, benzin mişarı? Mənim fermamda keçilər, ponilər, uzunqulaq, dovşanlar və atlar var. İşıqlar tez-tez sönür, soyuducular işləmir, hazırladığım bütün pendir xarab olub zibilə gedir. Problemimizi dilə gətirəndə isə kömək etmək əvəzinə qapımıza qəyyumluq və ya baytarlıq xidmətini göndərib ağzımızı bağlayırlar. Çinovniklər bizə deyir ki, şəhərdə oturaydınız, kəndə gəlməyəydiniz.”
Kəndlərdə traktorları sahələrdə qalan, mal-qarasına qış üçün ot tədarük edə bilməyən fermerlər çıxılmaz vəziyyətdədir. Hətta balıqçılar və çay kənarında yaşayanlar motorlu qayıqları üçün benzin ala bilmirlər. Məqamdan istifadə edən spekulyantlar isə artıq özəl məntəqələrdə benzinin litrini 130 rubla (bazar qiymətindən 2.5–3 dəfə baha) təklif edirlər.
Böhran fonunda Rusiya rəhbərliyini birbaşa ittiham edən kəskin şərhlər də artır: “Bəzi NEZ-lər bombalandı və Rusiya Putin səbəbindən xaosa sürükləndi. Müharibə gedir, amma hökumətimiz bizi qorumaq iqtidarında deyil. Hər şeyi qadağan etmək, bağlamaq, qaykaları bərkitməkdən başqa bir şey bilmirlər”
Yanacaq böhranı sosial xidmətlərin və xeyriyyə fondlarının fəaliyyətini tamamilə iflic edib. Əlilliyi olan şəxsləri və hemodializ (böyrək çatışmazlığı) xəstələrini xəstəxanalara daşıyan “Sosial taksi” xidmətləri yanacaq limitləri və növbələr səbəbindən dayanmaq həddinə çatıb. Xüsusi avtomobillər növbədənkənar YDM siyahılarına salınmadığı üçün sürücülər növbələrdə vaxt itirir.
Xeyriyyə Fondlarının da işi çətinləşib. Krasnoyarskın “Feniks” fondu və Yaroslavldakı könüllü təşkilatları uzaq kəndlərdəki yataq xəstələrinə baxıcı göndərməyi, sarğı və bezi çatdırılmasını dayandırmaq məcburiyyətində qalıb. Meşələrdə itkin düşən insanları axtaran könüllü dəstələr YDM-lərdə saatlarla növbədə durduğu üçün axtarışlar günlərlə gecikir. Bir çox hallarda xilasedicilər əhalidən sosial şəbəkələr vasitəsilə benzin ianəsi istəyirlər.
Böhrandan çıxış yolu kimi bir çox sürücülər və təşkilatlar avtomobillərini qaz sistemi ilə təchiz etməyə çalışırlar. Lakin Omskdan olan könüllülərin sözlərinə görə, qaz avadanlıqlarının çatdırılmasında ciddi problemlər var və servis mərkəzlərində növbələr artıq sentyabrın sonuna qədər dolub. Qaz avadanlığının quraşdırılması, sertifikatlaşdırılması və yol polisində (QAI) qeydiyyatı aylar tələb edir.
Diqqətçəkən digər məqam isə Rusiya neft sektorundakı struktur problemləridir. Rusiya dünyada neft hasil edən üç böyük ölkədən biridir (2025-ci ildə günə 9.2 milyon barel). Lakin Beynəlxalq Energetika Agentliyinin (IEA) proqnozlarına görə, 2026-cı ildə hasilat 8.9 milyon barelə düşəcək. Problem xam neftin olmamasında deyil, məhz emal infrastrukturunun darmadağın edilməsindədir.
“Reuters” agentliyinin və sahə mənbələrinin hesablamalarına görə, 2026-cı ilin iyul ayında Rusiyada avtomobil benzini istehsalı mövsümi normanın 65%-inə qədər düşüb.
Yaranmış kəskin qıtlığı aradan qaldırmaq üçün Rusiya hökuməti iyunun 15-də daxili bazar üçün “Avro-5” ekoloji standartlarından kənara çıxan (keyfiyyətsiz, mühərrikləri sıradan çıxaran və ətraf mühitə zərərli) yanacağın istehsalına və satışına rəsmi icazə vermək məcburiyyətində qalıb. Analitiklər bildirirlər ki, Ukraynanın hədəfli PUA zərbələri davam edəcəyi təqdirdə, Rusiyanın daxili yanacaq bazarı payız-qış mövsümündə tamamilə idarəolunmaz sistem böhranı ilə üz-üzə qalacaq.“AzPolitika.info”





















