Avstraliya Federal Polisi Ukrayna Silahlı Qüvvələrində xidmət etmiş Rusiya və Avstraliya vətəndaşını xarici dövlətin xeyrinə casusluq etməkdə şübhəli bilərək saxlayıb.
“Reuters”in məlumatına görə, 27 yaşlı ikili vətəndaşlıq sahibi Ukrayna ordusu ilə bağlı hərbi məlumatları Rusiya kəşfiyyatı ilə əlaqəli şəxslərə ötürməyə cəhd göstərməkdə ittiham olunur.
Korrekt.az xəbər verir ki,istintaqın məlumatına əsasən, şübhəli şəxs 2024-cü ildə Rusiyaya səfər edib və orada hərbi təlim keçib. Həmin ilin dekabrında Avstraliyaya qayıdıb, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə qoşulub.
Avstraliya hüquq-mühafizə orqanları hesab edir ki, o, Ukrayna ordusunda xidmət etdiyi müddətdə əldə etdiyi hərbi məlumatları Rusiya kəşfiyyatı ilə əlaqəli şəxslərə ötürməyə çalışıb.
Şübhəli şəxsə qarşı xarici müdaxilə ilə bağlı ittiham irəli sürülüb. İttihamlar məhkəmədə sübuta yetirilərsə, onu 20 ilədək həbs cəzası gözləyir.
Məlumata görə, o, avqustun 21-də Brisben şəhərində məhkəmə qarşısına çıxarılacaq.





















