Türkiyənin Antalya əyalətində yaşayış kompleksinin meneceri işləyən 64 yaşlı Rusiya vətəndaşı olan qadın həbs edilib.

Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.

Cinayət işi 13 yaşlı qızın ailəsi ilə mübahisədən qaynaqlanıb. Rusiyalı qadın 13 yaşlı qızın bəzi müsəlman qadınların geyindiyi çimərlik geyimi olan burkini geyindiyi üçün üzgüçülük hovuzuna girməsinə icazə verməyib.

Hadisə Alanyanın Mahmutlar rayonundakı yaşayış kompleksində baş verib. Qız hovuzda üzməyə dini geyimdə gəlib, lakin kompleksin meneceri, 64 yaşlı rus qadın buna imkan verməyib və bunun hovuzu “çirkləndirəcəyini” iddia edib. Qız onun geyiminin bikini geyinənlərlə eyni tərkibə malik olduğunu desə də, qadın onu hovuza buraxmayıb.

Evə qayıtdıqdan sonra yeniyetmə hadisə barədə valideynlərinə danışıb. Qızın atası menecerin hərəkətlərinin uşağın ləyaqətini və ailənin dini hisslərini təhqir etdiyini hesab edərək, bununla bağlı jandarmaya şikayət edib.

Türkiyə jandarma əməkdaşları kompleksə gələrək rus qadını dindirilmək üçün bölməyə aparıblar. “Türkiye” qəzeti bildirir ki, məhkəmə rus qadına qarşı məhkəməyə qədər həbs qətimkan tədbiri seçib. Qadın Alanyadakı həbsxanaya göndərilib və iş üzrə dinləmələrə qədər orada qalacaq.