İsmayılıdan, Şahdağ Milli Parkından aldığımız xəbərlər bir-birindən həyəcanvericidir – ayılar ovlanır, nadir ağaclar kəsilərək satılır, qoruq qanunla ov üçün yasaq olunan ərazi olmasına baxmayaraq, ovlağa çevrilib.
Son həftələr sosial şəbəkələrə ard-arda yayılan videolar, bölgə sakinlərinin şikayətləri göstərir ki, qoruq özbaşınalıq məkanına çevrilib. Şahdağ Milli Parkının İsmayıllı bölməsində çəkildiyi iddia olunan videoda iki ayı balasının ağacların başına dırmaşdığı, bir ov itinin isə ağacın altında hürməsi görürür. İddia olunur ki, ana ayı ovlanıb, balaları isə qaçıb canlarını bu şəkildə qurtarıblar.
Digər kadrda bir cəmdəyin ağacdan asıldığı görünür. İddia olunur ki, dərisi soyulmuş cəmdək həmin ovlanmış ayınındır.
Başqa bir videoda isə meşə ərazisindən geniş diametrli ağac kötüklərinin trostlar bağlanmaqla kötükdən çıxarıldığı görünür. İddia edilir ki, kəsilmiş ağac kötükləri izlərin itirilməsi üçün bu şəkildə çıxarılır ki, araşdırma aparılarsa, ağac kəsintisinin sübutu olmasın.
Şahdağ Milli Parkının İsmayıllı bölməsində rəhbərlik hara baxır?
İddialara görə, ayını ovlayan da, cəmdəyi budaqdan asan da, bala ayıları vahiməyə salıb ov iti ilə qovan da, kötükləri çıxaran da eyni şəxslərdir. Bildirilir ki, videolarda görünən şəxs qoruğun işçisi Şükran Baxış oğlu Baxışovdur. Onun qoruğun direktor müavini Əfqan Qəribovun himayəsi altında belə qanunsuzluqlara əl atdığı deyilir.
![]()
İsmayıllı və qonşu kəndlərdən olan sakinlərin dediyinə görə, qoruqda ağacların qırılması, ov adi hala çevrilib. Ağacların kəsilməsi üçün əvvəlcədən sahələr seçilir, ağaclar kəsilir, “sanitar qırıntı” adı ilə sənədləşdirilir və əldə olunan materiallar satış kanallarına ötürülür.
“Bu, bir-iki meşəbəyinin işi deyil. Planlı, kommersiya yönümlü, himayəli şəbəkə fəaliyyətidir”, – deyə yayılan məlumatlarda bildirilir.
Mətbuatda baş verənlərin arxasında əsas ad kimi qoruğun İsmayıllı bölməsinin direktor müavini Əfqan Qəribovun adı xüsusi olaraq çəkilir. Ona qarşı səslənən ittihamlar sırasında qoruğun İsmayıllı bölməsini şəxsi təsərrüfatı kimi idarə etmək, çoxillik ağacların məqsədli şəkildə kəsilməsinə göstəriş vermək, nadir fauna nümayəndələrinin ovlanmasına göz yummaq, yoxlamalardan yayınmaq üçün müxtəlif mexanizmlər qurmaq da var.
Üstəlik, mənbələr bildirir ki, Əfqan Qəribov əvvəllər də meşə təsərrüfatı sistemində pozuntulara görə vəzifədən uzaqlaşdırılıb, lakin sonra yenidən başqa postda “reabilitasiya” olunub.
Yazıda adı çəkilən şəxsləri dinləməyə hazırıq.Musavat.com
























