Qarabağ ermənilərinin keçmiş başçısı Samvel Şahramanyan Azərbaycan mətbuatında onun Ruben Vardanyan və Bakı həbsxanalarında saxlanılan Qarabağ rəhbərliyinin digər üzvlərinin əlaqə məlumatlarını Bakıya təqdim etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə o, Ermənistan İstintaq Komitəsini tərk etdikdən sonra jurnalistlərə bildirib.
Onun iddiasına görə, bu şayiələr Ermənistan cəmiyyətini çaşdırmaq üçün Azərbaycan hökumətinə bağlı nəşrlər tərəfindən yayılıb.
“Nə Ruben Vardanyan, nə də başqası gizlənmirdi və Azərbaycan kimin harada olduğunu bilirdi. Üstəlik, Vardanyan heç bir bunkerdə və ya arxa yoldan çıxmaq istəyərkən saxlanmayıb – keçmiş “dövlət naziri” yaxşı bilirdi ki, Bakının onun saxlanması ilə bağlı qərarı var və yolun bir neçə yerində Azərbaycanın nəzarət-buraxılış məntəqələri yaradılmışdı”, – separatçı deyib.
ŞaHramanyan əlavə edib ki, Azərbaycanda saxlamağı planlaşdırdıqları şəxslərin siyahısı var idi, o cümlədən, keçmiş “ordu komandiri” Samvel Babayan və o vaxt ordu komandiri vəzifəsini icra edən Kamo Vardanyanın da adı siyahıda idi. Lakin Şahramanyan həmin şəxslərin Ermənistana necə keçə bildiklərini açıqlamayıb.





















