Liverpoolun misirli ulduz futbolçusu Mohammad Salah ardıcıl üç oyun ehtiyatda qalması ilə bağlı sərt açıqlama verərək klubdan ayrılmağa işarə edib. Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, yay aylarında rəhbərlik tərəfindən verilən vədlər yerinə yetirilməyib.
Salah bildirib ki, gözlənilmədən ehtiyatda saxlanılması ilə bağlı klubla münasibətlərində anlaşılmazlıq yaranıb:
“Klub yayda söz verdi, mənə çox şey vəd etdilər… amma artıq üç oyundur ehtiyatdayam. Verdiyiniz sözləri tutun. Deyə biləcəyim tək şey budur”.
Oyunçu, baş məşqçi ilə münasibətlərin qəfil dəyişdiyini də vurğulayıb:
“Burada birinin mənim qalmağımı istəmədiyi açıq-aşkar görünür. Baş məşqçi ilə yaxşı münasibətlərim var idi, bir anda heç bir münasibətimiz qalmadı. Səbəbini bilmirəm. Mənə qarşı ədalətsiz davranılması qəbuledilməzdir”.
Salah klub üçün gördüyü işləri xatırladaraq mövcud vəziyyəti anlamadığını söyləyib:
“Bu klub üçün çox şey etmişəm. Hazırda niyə bu durumda olduğumu bilmirəm. Problemin məndə olduğunu düşünmürəm”.
Misirli futbolçu ailəsini qarşıdakı Brighton & Hove Albion matçına dəvət etdiyini bildirib:
“Ailəmə zəng edib Brighton oyununa gəlin dedim. Oynamasam da fərq etməz, sadəcə zövq alacağam. Nələr olacağını görəcəyik”.
Sonda Salah klubdan ayrılsa belə, onun Liverpool FC-a sevgisinin dəyişməyəcəyini deyib:
“Nə olursa-olsun, bu klubu hər zaman sevəcək və dəstəkləyəcəyəm”.





















