Hər bir dövlətin müstəqilliyinin, təhlükəsizliyinin və milli maraqlarının etibarlı qorunmasının əsas şərtlərindən biri güclü orduya malik olmasıdır. Azərbaycan xalqı da öz dövlətçiliyinin qorunmasında Silahlı Qüvvələrin rolunu hər zaman yüksək qiymətləndirib. Bu gün regionun ən güclü ordularından biri hesab olunan Azərbaycan Ordusu uzun və şərəfli inkişaf yolu keçərək ölkəmizin qüdrətinin əsas dayaqlarından birinə çevrilib. 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbi bayram deyil, həm də Azərbaycan dövlətinin güclənməsinin, ordu quruculuğu sahəsində əldə olunan uğurların və tarixi Zəfərin təntənəsidir.
Azərbaycan Ordusunun formalaşması və inkişaf tarixi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə Ulu Öndər gələcək müstəqil Azərbaycanın güclü hərbi potensiala malik olması üçün mühüm addımlar atmışdı. 1969-cu ildə hakimiyyətə gəldikdən sonra onun təşəbbüsü ilə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Bu siyasət gələcəkdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşması üçün möhkəm zəmin yaratdı. 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması həmin dövr üçün mühüm hadisə idi. Bu təhsil ocağı minlərlə azərbaycanlı gəncin hərb sənətinə marağını artırdı və peşəkar zabit kadrlarının yetişməsində müstəsna rol oynadı. Eyni zamanda, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu hərbi məktəblərinə qəbuluna yaradılan imkanlar gələcək hərbi elitanın formalaşmasına xidmət etdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət ordu quruculuğuna da mənfi təsir göstərmişdi. Ermənistanın hərbi təcavüzü genişləndiyi bir dövrdə ölkədə vahid komandanlığa tabe olan nizami ordu mövcud deyildi. Müxtəlif silahlı dəstələrin fəaliyyət göstərməsi dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuşdu. Məhz belə bir ağır zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyi bərpa etdi və nizami ordu quruculuğu prosesinə başladı. 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycan Ordusunun inkişafı yeni mərhələyə qədəm qoydu. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi hissələrin komplektləşdirilməsi, döyüş hazırlığının artırılması və peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildi. Ulu Öndərin rəhbərliyi altında milli ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1998-ci il mayın 22-də imzalanmış Fərmanla Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bununla da milli ordumuzun yaranma tarixi dövlət səviyyəsində əbədiləşdirildi.
Ulu Öndər hərbi təhsil sisteminin inkişafına da xüsusi önəm verirdi. 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalanması, sonrakı illərdə ali hərbi məktəblərin fəaliyyətinin təkmilləşdirilməsi Silahlı Qüvvələrin peşəkar zabit kadrları ilə təmin edilməsinə mühüm töhfə verdi. Hərbi təhsil sahəsində aparılan islahatlar nəticəsində milli hərbi məktəb formalaşdı. Azərbaycan Ordusunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atıldı. NATO ilə əməkdaşlıq proqramlarına qoşulmaqla Silahlı Qüvvələrimiz müasir hərbi idarəetmə, planlaşdırma və döyüş hazırlığı sahəsində zəngin təcrübə qazandı.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Son iyirmi ildən artıq müddətdə Azərbaycan Ordusunun maddi-texniki bazası əsaslı şəkildə yeniləndi, ən müasir silah və hərbi texnika alınaraq ordumuzun arsenalına daxil edildi. Hərbi hissələrin infrastrukturu müasirləşdirildi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı daha da gücləndirildi. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Nüfuzlu beynəlxalq reytinqlərdə ordumuzun dünyanın ən güclü əlli ordusu sırasında yer alması da bunun təsdiqidir. Dövlət başçısının qeyd etdiyi kimi, 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edənlər yəqin ki, bir gün bu ordunun dünyanın ən güclü orduları sırasında yer alacağını təsəvvür edə bilməzdilər. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması da ordu quruculuğunda mühüm nailiyyətlərdən biridir. Bu gün ölkəmizdə minlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur. Müxtəlif növ pilotsuz uçuş aparatları, zirehli texnikalar, atıcı silahlar və digər hərbi vasitələr yerli müəssisələrdə istehsal edilərək Silahlı Qüvvələrin istifadəsinə verilir. Bu isə ölkəmizin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə xidmət edir. Ordu quruculuğuna yönəldilən maliyyə vəsaitlərinin ildən-ilə artırılması da dövlətin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir. Son illərdə müdafiə və milli təhlükəsizlik xərclərinin davamlı şəkildə artırılması nəticəsində Silahlı Qüvvələrimizin döyüş imkanları daha da genişlənib. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir.
Bütün bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Ermənistanın uzun illər davam edən işğal siyasətinə son qoyuldu, torpaqlarımız azad edildi və beynəlxalq hüququn tələbləri döyüş meydanında təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən bu Qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyimizin tam bərpasını təmin etdi. Cəmi bir gün davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, Azərbaycan Respublikasının Konstitusiya quruluşu ölkənin bütün ərazisində bərqərar olundu. Bununla da dövlətimizin suverenliyi tam şəkildə təmin edildi və Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət tam bərpa edildi.
Bu gün Azərbaycan Ordusu qalib ordudur. Onun gücü yalnız müasir silahlarla deyil, yüksək vətənpərvərlik ruhu, peşəkarlığı və xalqın dəstəyi ilə ölçülür. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir”. Məhz bu birlik sayəsində Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirməyə qadirdir. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin etibarlı təminatçısı olaraq qalacaqdır.
Samirə Hüseynova





















