Qırğızıstan mülki aviasiyada sovet istehsalı olan təyyarə və helikopterlərin istismarını tamamilə dayandırıb.
Korrekt.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Mülki Aviasiya Agentliyinin rəhbəri Daniyar Bostonov məlumat verib.
Onun sözlərinə görə, qərarın əsas səbəbi sovet istehsalı olan hava gəmilərinin texniki xidmətinin getdikcə çətinləşməsidir.
“Sovet texnikası pis deyil, heç bir halda belə demək olmaz. Sadəcə, dünyada bu təyyarələr üçün ehtiyat hissələri və müfəttişlər tükənir. Onları tapmaq getdikcə çətinləşir”, – Bostonov bildirib.
Agentlik rəhbəri qeyd edib ki, xüsusilə An-12 və İl-76 kimi sovet istehsalı olan təyyarələr üçün sertifikatlaşdırılmış ehtiyat hissələrinin, eləcə də texniki vəziyyətə nəzarət edə bilən ixtisaslı mütəxəssislərin sayı azalır.
Bostonovun sözlərinə görə, Qırğızıstan seçim qarşısında qalıb: ya beynəlxalq aviasiya standartlarına uyğunlaşmalı, ya da Avropa İttifaqının qara siyahısında qalmalı idi.
Sovet hava gəmilərindən imtina edilməsi ölkənin aviasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi islahatların mühüm istiqamətlərindən biri olub.
Xatırladaq ki, Qırğızıstanın aviaşirkətləri 2006-cı ildən Avropa İttifaqının uçuş təhlükəsizliyi üzrə qara siyahısında idi. 2026-cı il iyunun 8-də Avropa Komissiyası ölkənin bütün sertifikatlaşdırılmış aviaşirkətlərinin həmin siyahıdan çıxarılması barədə qərar qəbul edib. Bununla da 20 illik məhdudiyyət aradan qaldırılıb.
Avropa İttifaqının rəsmi sənədlərinə əsasən, Qırğızıstanda aviaşirkətlərin yenidən sertifikatlaşdırılması aparılıb, təhlükəsizlik nəzarəti gücləndirilib və müfəttişlərin hazırlığı üzrə yeni tədbirlər həyata keçirilib.
Bundan başqa, Qırğızıstanın dövlət aviaşirkəti “Asman Airlines” üçün iki ədəd Airbus A321 təyyarəsinin alınması nəzərdə tutulub. Həmin təyyarələrin 2027-ci ilin sonunda ölkəyə gətirilməsi və Avropaya birbaşa uçuşlarda istifadə edilməsi planlaşdırılır.
Bostonov bildirib ki, ilkin mərhələdə Almaniyanın Berlin və Frankfurt şəhərlərinə uçuşların təşkili üzərində iş aparılır.Musavat.com





















