28 sentyabr 1939-cu il. Polşanı işğal edərək aralarında bölüşdürən bolşevik Rusiyası və nasist Almaniyası arasında “Dostluq və sərhədlər haqqında” müqavilə imzalandı.
Müqavilə əvvəllər bir-biri ilə həmsərhəd olmayan Almaniya və SSRİ arasında yeni sərhədləri müəyyənləşdirirdi.
Polşanın işğalı zamanı alman qoşunları bir ay əvvəl imzalanmış “Hücum etməmək haqqında” müqavilənin gizli protokolunda nəzərdə tutulduğundan daha böyük ərazini nəzarətə götürmüşdülər. Bunun qarşılığında Almaniyanın nüfuz dairəsinə aid edilən Litva digər iki Baltikyanı respublika kimi SSRİ-nin nüfuz dairəsinə daxil edildi.
Müqavilənin şərtlərinə əsasən, SSRİ-nin işğal etdiyi Polşa ərazilərində yaşayan alman kökənli əhalinin Almaniyanın nəzarətində olan ərazilərə köçürülməsinə icazə verilirdi. Almaniyanın nəzarətinə keçən ərazilərdə yaşayan rus, ukraynalı, belarus və rusin kökənli əhali isə SSRİ-yə köçə bilərdi.
SSRİ-nin Polşanın şərqini işğal etməsini müsbət qarşılayan yeganə əhali qruplarından biri Polşa yəhudiləri idi. Çünki sovet işğalı onlara nasist Almaniyasının nəzarətində olan ərazilərdən uzaqlaşmaq və sovet zonasına sığınmaq imkanı yaradırdı.
Lakin Stalin yəhudi qaçqınların qəbulundan imtina etdi. Nəticədə onların bir hissəsi yenidən Almaniyanın nəzarətində olan ərazilərə qaytarıldı və böyük əksəriyyəti müharibədən sağ çıxa bilmədi.
Sovet tarixşünaslığında, eləcə də müasir Rusiyanın bir sıra tarixçiləri və sovetpərəst sosial şəbəkə istifadəçiləri tərəfindən Polşanın bölüşdürülməsi və sovet sərhədinin təxminən 200 kilometr qərbə çəkilməsi SSRİ-nin müdafiə imkanlarını gücləndirən addım kimi təqdim olunur.
Lakin məsələyə başqa prizmadan yanaşdıqda fərqli mənzərə ortaya çıxır.
Bu hadisələrə qədər Almaniya ilə SSRİ arasında birbaşa quru sərhədi yox idi. Polşanın bölüşdürülməsi və 1940-cı ilin avqustunda üç Baltikyanı respublikanın – Estoniya, Latviya və Litvanın – SSRİ tərəfindən ilhaq edilməsi nəticəsində iki dövlət birbaşa həmsərhəd oldu.
Beləliklə, Moskvanın qərbə doğru genişlənməsi bir tərəfdən SSRİ-nin ərazisini böyütsə də, digər tərəfdən Almaniya ilə birbaşa sərhədin yaranmasına gətirib çıxardı.
Tarixin ironiyası da məhz burada ortaya çıxır: **SSRİ-nin təhlükəsizliyini artırmaq məqsədi daşıdığı iddia edilən ərazi genişlənməsi nəticə etibarilə Almaniyanın Sovet İttifaqına birbaşa quru yolu ilə hücum imkanını da asanlaşdırdı.**
1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumu ilə bu yeni geosiyasi reallıq özünün ən ağır nəticəsini göstərdi.
Yadigar Sadıqlı





















