image-1backend

Süni intellekt nə qədər su “içir”? – Mütəxəssis rəyi

image-ads-728x90

Müasir dövrdə süni intellekt (Sİ) texnologiyaları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, bu rəqəmsal inqilabın pərdəarxasında ciddi bir ekoloji faktura dayanır.

Süni intellektin təbiətə ziyanı haqqında Zefer.media-ya açıqlama verən azərbaycanlı texnologiya sahibkarı, İT üzrə mütəxəssis Fərid Pərdəşünas süni intellekt modellərinin işləməsi üçün böyük data mərkəzlərinin tələb olunduğunu qeyd edib:

“Süni intellekt modellərinin fəaliyyət göstərməsi üçün, təbii olaraq, böyük data mərkəzlərinə ehtiyac duyulur. Data mərkəzləri dedikdə prosessorlar, qrafik kartlar və süni intellektin emal gücünü artıran texniki komponentlər nəzərdə tutulur. Bu mərkəzlərin əsas resursları iki istiqamətdə cəmləşir: su və enerji.

Enerji nəyə görə istifadə olunur? İlk növbədə, prosessorların və qrafik kartların enerji ilə təmin edilməsi üçün. Süni intellekt sistemlərinin işləməsi zamanı yüksək həcmdə enerji sərf edilir. Bu enerji isə çox vaxt təbii yanacaq mənbələrindən — kömürdən, neftdən və digər resurslardan əldə olunur və ya təbii ehtiyatlar hesabına istehsal edilir. Günəş və külək enerjisini istisna etdikdə, enerjinin böyük hissəsinin istehsalı karbon emissiyası ilə müşayiət olunur. Yəni, enerji istehlakı artdıqca ətraf mühitə təsir də artır. Bu səbəbdən hazırda geniş müzakirə olunan məsələlərdən biri də süni intellekt modellərinin geniş yayılması və yüksək enerji istifadəsinin təbiətə təsiridir. Başqa sözlə, enerji sərfiyyatı nə qədər çox olarsa, atmosferə buraxılan karbon miqdarı da bir o qədər artır.

İkinci məsələ isə su istehlakı ilə bağlıdır. Süni intellekt modellərinin yerləşdirildiyi data mərkəzləri soyutma sistemlərinə ehtiyac duyur və bu sistemlərin əsas təminat vasitələrindən biri sudur. Hər bir modelin fəaliyyəti zamanı avadanlıqların həddindən artıq qızmasının qarşısını almaq üçün davamlı şəkildə su istifadə edilir. Bu isə şirin su ehtiyatlarının əhəmiyyətli həcmdə sərf olunmasına səbəb olur. Hazırda bu məsələ həm beynəlxalq təşkilatların, həm də texnologiya şirkətlərinin gündəmindədir və su istifadəsinin necə azaldılacağı ilə bağlı yollar araşdırılır”.

Mütəxəssis süni intellektlə hər əlaqədə müəyyən həcmdə su istifadə etdiyini vurğulayıb:

“Hətta süni intellektlə ünsiyyət qurduğumuz zaman belə müəyyən su sərfiyyatı baş verir. Çünki sistem sorğunu emal edir, mətn və məlumatları prosessorlar və qrafik kartlar vasitəsilə işləyir, avadanlıqlar qızdığı üçün soyutma tələb olunur və nəticədə su istifadə edilir. Beləliklə, bu proses zəncirvari şəkildə təbiətlə əlaqələnir”.

Sonda F. Pərdəşünas süni intellektin su resurslarına və ümumilikdə ətraf mühitə təsirinin hazırda geniş müzakirə olunan və optimal həll yollarının tapılmasını tələb edən məsələlərdən biri olduğunu bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki