1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik qüvvələrinin işğalından azad etdi. Ordunun komandanı Nuru Paşa idi.
Bakının azad edilməsindən sonra tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Nuru Paşanı evində qonaq etdi. Bu görüş zamanı Nuru Paşa Tağıyevin Sona xanımdan olan kiçik qızı Sürəyya Tağıyevaya aşiq olur. Onun milli geyimdə olması Nuru Paşada xüsusi təəssürat yaradır.
Bir müddət sonra Nuru Paşa Sürəyya xanıma elçi düşür. Lakin Hacı Zeynalabdin Tağıyev bu izdivaca razılıq vermir. O, qızının Bakını tərk etməsini istəmir və övladlarının daim gözünün önündə olmasını arzulayır. Nuru Paşa Bakıda yaşamağa hazır olduğunu bildirsə də, Tağıyev qərarından dönmür. Hətta Nuru Paşanın atası Əhməd bəyin elçiliyə gəlməsi də nəticəni dəyişmir.
Nuru Paşa Sürəyya xanıma olan hisslərini ifadə etmək üçün “Sürəyya” adlı şeir də yazır.
Daha sonra Hacı Zeynalabdin Tağıyev qızı Sürəyyanı mühəndis Əsəd bəy Abdullayev ilə evləndirir. Onlar 1922-ci ildə ailə qururlar. Bu evlilikdən iki övlad dünyaya gəlir: geofizika üzrə professor olan oğlu və Dilara adlı qızı.
Nuru Paşa isə bu hadisədən sonra uzun müddət ailə qurmur. Yalnız 1946-cı ildə, ölümündən üç il əvvəl Misir saray ailəsinə mənsub Misli Mələk xanım ilə evlənir. Həmin vaxt Nuru Paşanın 56, həyat yoldaşının isə 45 yaşı var idi. Bu evlilikdən övladları olmur.
Nuru Paşa 1949-cu ildə vəfat edib. Sürəyya Tağıyeva isə 1975-ci ildə dünyasını dəyişib.
Qoşqar Salmanlı





















